Məhkəmə qərarları › İş №3(060)-1371/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1371/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1371/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs oğlunun iştirakı ilə, 22.04.1981-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 25.05.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 25.05.2022-ci il tarixli Sumqayıt şəhəri RND-də analiz zamanı narkotik vasitə qəbul etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək göstərdi ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü Şəxs 25.05.2022-ci il tarixdə Sumqayıt ŞPİnin 4-cü PB-nin baş əməliyyat müvəkkili tərəfindən Sumqayıt şəhərinin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün saxlanılaraq PB-nə gətirilmişdir. PB-də olan zaman Şəxs narkotik vasitələri istifadə etməsinə dair əsaslı şübhələr yarandığından Sumqayıt RND-ə aparılmış sonuncunun A/698 saylı müayinə protokolu ilə narkotik vasitə metamfetamin qəbul etməsi faktı aşkarlanmışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli tərəfindən 26.05.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, təxminən 15 gün əvvəl tanımadığı şəxsdən şüşə adlanan psixotrop maddə almış və həmin maddədən istifadə etmişdir. O ümumiyyətlə narkotik maddələrdən mütəmadi olaraq istifadə etmir. Sadəcə olaraq qardaşı cavan rəhmətə getdiyi üçün stres atmaq və ağrı-acını unuda bilmək üçün belə bir addım atmışdır. 25.05.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən PB-ə gətirilmiş və narkotik qəbul edib-etmədiyinin öyrənilməsi üçün Sumqayıt Şəhər Narkoloji Dispanserə aparılmışdır. Orada müayinə olunduqdan sonra sidiyində narkotik maddə qəbul etdiyi sübut olunmuşdur. O,etmiş olduğu əməldən səmimi peşmançılıq keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli tərəfindən 26.05.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan 26.05.2022-ci il tarixli, A/2776 saylı ambulator-məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25.05.2022-ci il tarixli, A/698 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.05.2022-ci il tarixdə, saat 15:55-də müayinə olunmuş və narkotik vasitə metamfetamin qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Əlişah oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İşdə olan tutma protokolundan görünür ki, Şəxs 25.05.2022-ci il tarixdə, saat 21:00-da tutulmuşdur. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 25.05.2022-ci il tarixdə, saat 21:00-dan məhkəməyə gətirilənədək tutulduğu müddət nəzərə alınsın və üzərində 300 (üç yüz)manat cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar