Məhkəmə qərarları › İş №3(060)-1373/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1373/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1373/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru X4 tərəfindən Şəxs (VÖEN **********) barəsində 16 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 16.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Ruzi” marketdə olarkən subyekt yanğın-texniki müayinə keçirməyə şərait yaradılmamışdır. Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 16 aprel 2021 -ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 may 2021-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması 27 may 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt Regional Dövlət Yanğın idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXMnin 602.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 aprel 2021ci il tarixli çıxarışından görünür ki, Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin əməkdaşları tərəfindən yoxlanılan təsərrüfat obyekti olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 75A-nın, 1-ci mərtəbəsində “Ruzi” marketdə plan üzrə yoxlama aparılması, yoxlama aparılan şəxslərin inspektor X1, X3 və X2 olması müəyyən edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli, 0666 nömrəli yoxlama suallarının siyahısından da görünür ki, yoxlama suallarının siyahısının qarşısında hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə araşdırması zamanı işdəki sənədlərlə müəyyən olunmuşdur ki, Şəxs barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 16 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. İXM-nin 602.4-cü maddəsinə əsasən ahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.000,00 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar