Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1379/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN-nin Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının DİN-nin Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Baş X8 İdarəsinin rəis müavini tərəfindən ona e-mail vasitəsilə cənab Pərvin Səfərəliyev tərəfindən inzibati xəta haqqında iş üzrə qərar göndərilmişdir. Həmin qərarda açıqlanan nəticələrlə razı olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsini rəhbər tutaraq, ona qarşı kobud şəkildə pozulduğunu düşündüyü üçün yenidən şikayət ərizəsi ünvanlamaq qərarına gəlmişdir. O, ilk olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 6931, +994 12-590-92-22, 590-81-35, 590-81-38, 590-81-69, 590-81-25, ***-**-** nömrələrinə dəfələrlə əlaqə saxlamaq üçün mobil telefonu ilə azı 30 manat dəyərində kontur xərcləsə də, ya telefonu açıb dəstəyi atmış, ya götürməmiş, ya da durmadan başqa nömrələrə yönləndirmə etmişlər. Hətta sonda vətəndaşın səbr kasası ilə oynayıb, “Nə günah işlətmişəm ay xanım, telefonu açmışam sizin işinizə mən baxmıram və s.” kobud ifadələrdən istifadə etməkdən çəkinməmişlər. İkinci şikayəti ondan ibarətdir ki, Sumqayıt şəhər Məhkəməsində bu məsələnin müzakirəsi üçün qarşı tərəfdən heç kəs iştirak etməmişdir. Bu səbəbdən onun şikayəti qismən təmin edilsə də, qarşı tərəfə verilən müddət ərzində apellyasiya məqsədilə müraciət edilməmiş, qarşı tərəf məhkəmədə iştirak etmədiyi tədqirdə heç bir qərar dəyişikliyi və ya qərara xitam verməmiş, əksinə Sumqayıt şəhər Məhkəməsinin qərarına əhəmiyyət verməmişdir. İnsident olan ərazidə işıqfor yoxdur, qadağanedici işarə yerə səhv çəkilmiş, hadisədən sonra iki qoşa xətt kəsik-kəsik xətlərlə əvəz olunmuşdur. X7 işçiləri əməkdaşları tərəfindən səhv, natamam çəkilən işarəyə görə o, nə üçün əsassız yerə inzibati tənbehə məruz qalmalıdır. 2018-ci ildən bəri aktiv nizam-intizamlı sürücü olmuş, 7 il müddətində bir dəfə belə olsun qoşa xətti kəsmək və ya işıqforun qadağanedici qaydasını pozmamışdır. Bunu arxiv məlumatlarından da rahatlıqla əldə etmək olar. Qərarsız yerə çəkilən qoşa xəttə görə ona qərarlı statuslu necə cərimə yazıla bilər? Məqsəd nədir? Məhkəmə hakimi hörmətli xanım X3 tərəfindən hadisə zamanı videogörüntü istənilsə də, nəyə görə məhkəməyə təqdim olunmadan, X7 yenə mənfi rəy bildirmişdir. Ona qarşı yuxarıda göstərilən haqsız davranışlar qaralama siyasətindən başqa bir şey deyil. Öz barəsində mənfi rəy yaratmaq istəyən vəzifəli şəxslərə qarşı protesto olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsi mərkəzi laboratoriyasında 116 parametrə görə həm qandan, həm sidikdən yoxlanılmış analiz nəticələrini də təqdim etmişdir. O, işıqfor olmayan, iki qoşa - kəsik-kəsik xətti hal-hazırda solğun olub demək olar ki, görünməyən nöqsanlı yol işarəsinə görə ona qarşı olan qanun pozuntusuna görə məsələyə təkrar baxılmasını DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. O, Babək küçəsində qoşa xətdən keçmişdir və sonradan həmin qoşa xətt silinmiş və qırıq-qırıq xətlə əvəzlənmişdir. O, “Qayalı” marketə gedərkən avtomobilini park etmək üçün qoşa xətti keçərək parklama ərazisinə getdiyini, həmçinin, hərəkət istiqamətini keçmək üçün yol nişanının da olmadığını bildirmişdir. Bir müddətdən sonra ona yol nişanının, yəni yerdə nişanlanmanın səhv olduğunu bildirmişlər. Daha sonra o, həmin yolla hərəkət edərkən ərazinin qırıq-qırıq xətlə işarələndiyini görmüşdür. Barəsində cərimə qəbul edildiyini bilən kimi cəriməni də ödəmişdir. O, Sumqayıt şəhər Məhkəməsinə müraciət etdiyini, Məhkəmənin qərarı ilə DİNnin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək yenidən araşdırılması üçün həmin quruma göndərildiyini, lakin heç bir araşdırma aparılmadan, yenidən İXM-nin 327.2-ci maddəsi ilə cərimə edildiyini bildirmişdir. Dəfələrlə DİN Baş X7 İdarəsinə telefon vasitəsilə zəng etməsinə baxmayaraq ona doğru düzgün heç bir məlumat verilməmişdir. Həmçinin, 116 meyar üzrə analiz verdiyini və səhhətində problem olmadığını, həmin analizlərin nəticələrini də şikayətə əlavə etdiyini bildirmişdir. O, 641 manat əmək haqqı aldığını, həmin əmək haqqından ödədiyi 100 manat məbləğin geri qaytarılmasını tələb etdiyini və ona əssasız cərimə yazıldığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən şikayətinin təmin edilməsini, Azərbaycan Respublikasının DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 10:34 radələrində ona məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ 20 MİNİK” markalı avtomobillə Sumqayıt şəhəri Babək küçəsində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X4 EQ25853913 nömrəli protokol üzrə 100 manat məbləğində cəriməni ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-543/2025 nömrəli qərarı ilə Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25853913 nömrəli qərar ləğv edilərək, yenidən araşdırılması üçün Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1- 80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə inzibati xətaya dair iş materiallarını tədqiq edərək qeyd edir ki, DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X4 İXM-nin 327.2-ci maddəsində nəzərədə tutulmuş xətanın törədilməsinə görə inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən qərardan S.Məmmədova tərəfindən verilmiş şikayət Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-543/2025 nömrəli qərarı ilə qismən təmin edilərək yenidən araşdırılması üçün DİN Baş X7 İdarəsinə göndərilmişdir. DİN Baş X7 İdarəsində Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı əsasında işə yenidən baxılaraq xx.xx.2025-ci il tarixli 16/1-80354, 16/1M-88319 nömrəli nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edilərək İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə S.Məmmədovanın barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkildən X1 “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə zidd olaraq 1.3 üfiqi nişanlanma xəttini kəsib sola dönməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti iştirakçıları tərəfindən 1.1—1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-80354, 16/1M-88319 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1379/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1379/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver