Məhkəmə qərarları › İş №3(060)-138/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-138/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-138/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 135, mənzil 213 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 14 dekabr 2020-ci il tarixli 00700-0211/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) 21.02.2020-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, dəyəri 10.000 (on min) ABŞ dolları olan “Qara Metallardan borular 9-12 metr arası istifadə olunmuş” yükü Sumqayıt Baş Gömrük idarəsində 13.03.2020 tarixli **********5403 saylı Gömrük bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 10.000 (on min) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Bas Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/002406 saylı, 19.10.2020-ci il tarixli raport daxil olmuşdur. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursuna baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs MMC 21.02.2020-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, dəyəri 10000 ABŞ dolları olan “Qara Metallardan borular 9-12 metr arası istifadə olunmuş” yükü Sumqayıt Baş Gömrük İdarəsində 13.03.2020 tarixli **********5403 saylı Gömrük bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etmiş lakin, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi’’ Filialı) hesabına məcburi qaydada köçürülməli olan 10000 ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 14 dekabr 2020-ci il tarixli 00700-0211/20 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 17.12.2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "Şəxs” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində vergi uçotu orqanı kimi qeydiyyatına alınmışdır. İş materiallarından olan 19.10.2020-ci il tarixli 34/012/002406 saylı raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 1 ədəd Gömrük Bəyannaməsi ilə ümumi dəyəri 10.000 (on min) ABŞ dolları olan yük ixrac olunmuşdur. Lakin ixrac olunan malın qarşılığında xaricdən qaytarilmalı olan 10.000 (on min) ABŞ dolları xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülməmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 1997-ciil tarixli 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməlidirlər. İş materiallarından olan Gömrük bəyannaməsinin surətindən görünür ki, 21.02.2020-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, dəyəri 10.000 (on min) ABŞ dolları olan “Qara Metallardan borular 9-12 metr arası istifadə olunmuş” yükü Sumqayıt Baş Gömrük idarəsində 13.03.2020 tarixli **********5403 saylı Gömrük bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac olunmuşdur. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqat bölməsinin rəisi Rəşad Cabbarov tərəfindən qəbul edilmiş 02 noyabr 2020-ci il qərardadından görünür ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında “qərar” qəbul edilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan Şəxs MMC-nin direktoru X3 izahatında bildirmişdir ki, Şəxs MMC-ni tanışları olan Vilen və Sahil adlı şəxslərin təklifi ilə pul qazanmaq məqsədilə yaratmış, lakin atası vəfat etdikdən sonra bu fikirdən daşındığını, bu səbəblə şirkəti etibarnamə əsasında Samir adlı şəxsə verdiyini bildirmişdir. X1 rəhbəri olduğu Şəxs MMCnin Azərbaycan Respublikasında mal ixrac edilməsi ilə bağlı heç bir məlumatının olmadığını bildimişdir. İş materiallarında olan 30.11.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə araşdırma müddətinin uzadılmaı haqqında vəsatətdən görünür ki, Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqat bölməsinin rəisi Rəşad Cabbarov işin düzgün həlli üçün 00700-0211/20 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırılmanın aparılması müddətinin 01.01.2021-ci il tarixədək uzadılması barədə Sumqayıt Baş Gömrük İdarəsinin rəisinə müraciət etmiş və Sumqayıt Baş Gömrük İdarəsinin rəisi 00700-0211/20 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırılma aparılmasının müddəti 01.01.2021-ci il tarixədək uzadılması barədə 01.12.2020-ci il tarixdə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609№-li Fərmanı ilə təsfiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasını təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndinin tələblərinə əsaən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də, Şəxs MMC tərəfindən 1 ədəd Gömrük Bəyannaməsi ilə ümumi dəyəri 10.000 (on min) ABŞ dolları olan yük ixrac olunmuşdur. Lakin ixrac olunan malın qarşılığında xaricdən qaytarilmalı olan 10.000 (on min) ABŞ dolları xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülməmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 1997-ciil tarixli 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməlidirlər. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamış və nəticədə, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 135, mənzil 213 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 3.000 (üç min) ABŞ dolları (10.000 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar