Məhkəmə qərarları › İş №3(060)-138/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-138/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-138/2025 14.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29B/24, mənzil 24-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X12 tərəfindən xx.xx.2025ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq 12030 (on ik min otuz) manatı üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X12 bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 15.000 manat (on beş min manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq X4 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Borcluya elektron icra informasiya sistemi vasitəsilə bildiriş və xəbərdarlıq göndərilmiş, borclu ölkə xaricində olduğuna görə İcra İdarəsinə gələ bilmədiyindən ölkəyə gələn kimi İcra İdarəsinə gəlib qərar və bildirişlə tanış olacağını bildirmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə borclu şəxs Xarici İşlər Nazirliyindən xidmətdən azad olunduqdan sonra dəfələrlə İcra İdarəsinin əməkdaşları tərəfindən icra sənədinin icrasının məcburiliyi barədə dəvət olunsa da, icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq çağırışlara gəlməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə borclunun barəsində axtarış elan olunmuş, bundan əvvəlki dövrdə ölkədən çıxışının məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmişdir. Borclu bütün məhkəmə proseslərində iştirak etsə də, bu işlə bağlı icra məmurunun heç bir çağırışlarına gəlməmişdir. Axtarış elan olunduqdan sonra ölkə ərazisində keçirilən “COP29” tədbirindən sonra İcra İdarəsinə yaxınlaşacağını bildirmiş, həmin tədbir xx.xx.2024-cü il tarixdə başa çatsa da, icra məmurunun çağırışlarına dəfələrlə məhəl qoymamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq İcra İdarəsinə yaxınlaşması barədə bildiriş təqdim etmişdir. Borclunun dediyinə görə polis əməkdaşları mülki geyimdə olduğuna görə avtomobili onların üzərinə sürərək getmişdir. Onu da qeyd etmək istəyir ki, borclunun himayəsində olan azyaşlı uşağın ondan alınıb anaya verilməsi barədə icra sənədi mövcuddur. Həmin icra sənədi üzrə borclu icra sənədinin icra edilməsindən qərəzli yayındığı və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün borclu barədə Azərbaycan Respublikası İXM-nin 510, 528.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Borclu diplomatik fəaliyyət göstərdiyi dövr ərzində də ödənişlər etməmiş, o, bu gün məhkəməyə barəsində müraciət edildiyini bildiyi üçün xx.xx.2025-ci il tarixdə borcdan 500 (beş yüz) manat ödəmişdir. Bu da onun göstərir ki, borclu borcu ödəmək imkanına malik olduğuna baxmayaraq icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməmiş, hazırda 12030 (on iki min otuz) manat ödənilməmiş borc qalmışdır. Bu gün də borclu şəxsə hüquqları izah olunmuş, izahatı alınmış, barəsində tərtib olunmuş protokolla tanış olmaq və imzalamaq təklif olunmuş, lakin protokolla razılaşmadığı üçün imza etməmişdir. İcra sənədinin icrasından qərəzli boyun qaçırdığı üçün borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, diplomatik xidmətdən qayıdıb gələndən sonra mütəmadi qaydada ödənişlər etmişdir. Əvvəllər ödəniş yeri üçün iş yerinə müraciət edilmiş, Ölkəyə qayıtdıqdan sonra 3000 (üç min) manat ödəniş etmiş və mütəmadi olaraq da ödənişlər edəcəkdir. Hazırda işsiz və himayəsində uşaq olduğu və o biri uşağa aliment ödədiyi üçün qaynatasına ödəniş edə bilməmişdir. Birdəfəlik ödəniş etmək üçün kredit götürmək məqsədi ilə banka müraciət etmiş, lakin işləmədiyi üçün ona kredit verilməmişdir. Əvvəllər tələbkarla bir il yarıma ödəniş etməsi üçün razılığa gəlmişlər. Elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu üçün oradan gəlir gələcəyini və həmin gəliri tam şəkildə tələbkara verəcəyini ona bildirmişdir. Onun barəsində axtarış elan olunması ilə əlaqədar bildirir ki, noyabr ayının 4-ü ödəniş etmiş, 5 noyabrda isə barəsində axtarış elan edilmişdir. O, bu məsələ ilə bağlı vəkilə müraciət etmiş, o isə icra məmurunun bu hərəkətinin İcra haqqında qanunun 27-ci maddəsinə zidd olduğunu bildirmişdir. Belə ki, ödəniş edilən günün sonrakı gün barəsində axtarış elan olunmuş, o da icra məmurunun qanunsuz hərəkətlərindən məhkəməyə şikayət vermiş və hazırda məhkəmənin icraatında baxılmamaqdadır. O, barəsində tərtib olunan inzibati xəta haqqında protokolu əsassız və qanunsuz hesab edir. Çünki o, imkanı zəif olsa da, mütəmadi olaraq ödənişlər etdiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, borclu Yunanıstan Respublikasında olan zaman uşaq ya borclunun bacısıgildə və ya digər qohumlarının yanında qalmışdır. Məhkəmə qərarına əsasən uşaq ananın himayəsinə verilsə belə, borclu uşağı görmək adı ilə onu qaçırtmış və bu günədək uşağı anaya vermir. Qətnamə icra olunmadığı üçün borclu 08 (səkkiz) gün müddətində həbs edilmişdir. İllərcə uşaq onun himayəsində olmamış, heç vaxt uşaqla maraqlanmamış, işlədiyi zaman 4000 (dörd min) manat əmək haqqı alan zaman da uşağın hazırlıq pulunu ondan almışdır. Dünən də 500 (beş yüz) manat ödəniş etmiş, yalnız məhkəməyə aparılacağını bildikdə ödəniş edir. 04 (dörd) ildir məhkəmə prosesləri davam edir. Borcludan borcun tam ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X13 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcun qalan hissəsini ödəməkdən boyun qaçırtmır, lakin birdəfəlik ödəniş edə bilmir. Borclunun imkanı zəif olsa da, ölkəyə qayıtdıqdan sonra 03 (üç) ay ərzində tələbkara 3000 (üç min) manat ödəniş etmişdir. Borclunun inzibati xəta tərkibi olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 15.000 manat (on beş min manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq X4 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlama haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2106-cı il təvəllüdlü X6 atası Şəxs himayəsinə verilmiş, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-329/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üşün müəyyən edilmiş aliment öhdəliyindən azad edilmişdir. İş materiallarında olan Şəxs ilə Xəzər Universitetinin Sumqayıt Dünya Məktəbi arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında 263 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, məktəb 01 (bir) il müddətində ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və Müqavilənin şərtlərinə uyğun olaraq şagird X11 oğluna təhsil xidmətləri göstəriləcəkdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs Ali Məhkəmənin 2(102)-1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3000 (üç min) manat ödəniş etmişdir. İş materiallarına əsasən barəsində protokol tərtib edilən şəxsin övladı olan xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu Rəhman Hüseynlinin ilə birlikdə faktiki olaraq birlikdə yaşayır. Belə ki, xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Yasamal Rayonu Məhkəməsinin e- 2(004)-370/2024 nömrəli qətnaməsi ilə Nurlan Şahhüseynli atası Rəhman Hüseynlinin himayəsinə verilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində uşağın təlimtərbiyəsinin və təhsilinin inkişafı, psixoloji travma almadan yetişməsi, bir sözlə gələcək inkişafı baxımdan atasının himayəsinə verilməsi məqsədəuyğun olması, X11 oğlunun atası Şəxs himayəsinə verilməsi, uşağın hazırkı vəziyyətdə məcburi şəkildə anasına veriləcəyi təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, habelə uşağın ananın himayəsinə verilməsi ilə bağlı qətnamənin icrasının mümkün olmadığını nəzərə aldığını qeyd edilmişdir. Tələbkar qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi səbəbindən qanuni qüvvəyə minməməsini bildirmiş, lakin Nurlan Şahhüseynlinin faktiki olaraq atası Şəxs yanında olmasını da qeyd etmişdir. Yasamal Rayon Məhkəməsinin Qeyd olunan hallar xx.xx.2024-cü il tarixli qətnaməsində apellyasiya şikayəti verildiyi təqdirdə, qətnamənin qanuni qüvvəsini almadığından uşağın atasının himayəsində olması faktı inkar olunur. Lakin, məhkəmə hesab edir ki, uşağın faktiki atası ilə birlikdə olması faktı nəzərə alınmalı haldır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ali Məhkəmənin 2(102)- 1558/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 15000 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və tələbkar X4 verilməlidir. Şəxs icra sənədi üzrə məlumatlı olsa da, indiyədək 3000 (üç min) manat ödəniş etmiş, icra məmurunun qanuni tələbinə məhəl qoymayaraq 12030 (on iki min otuz) manatı üzürsüz səbəbdən icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədi üzrə 08 (səkkiz) ay müddət keçsə də, az miqdarda ödəniş etməklə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiş yaşına çatmayan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, az miqdarda olsa da 3000 manat ödəniş edilməsini nəzərə alalaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X8 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “Regional” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar