Məhkəmə qərarları › İş №3(060)-1380/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1380/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1380/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İsmayılov Ağasən Savalan oğlunun iştirakı ilə, İsmayılov Ağasən Savalan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28350179 saylı qərarından İsmayılov Ağasən Savalan oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İsmayılov Ağasən Savalan oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək EQ 28350179 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini, şikayət ərizəsinin təmin olunmasına kömək edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, EQ 28350179 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası inzibati xətalar məcəlləsi 364.4 maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. O, bu cərimədən çox narazıdır. O, hərəkət etdiyi zaman qəflətən maşın sönmüş, həmən qəza işıqlarını yandırmışdır. Həmin vaxt o, sükan arxasında ola-ola maşını arxadan çəkib heç ona yaxınlaşmadan, nə olduğunu sormadan maşını nə öndən, nə yandan çəkmədən anidən uzaqlaşmışlar. Onun çox ağır xəstəsi var. Özü borc içindədir. Məhkəmə iclasında qərardan şikayət vermiş İsmayılov Ağasən Savalan oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, 14-cü məhəllədən yola çıxan zaman avtomobilin mühərriki dayanmış, dərhal qəza işıqlarını yandırmışdır. Avtomobilin şəkili arxadan çəkilmişdir, həmin vaxt özü də sükan arxasında olmuşdur. Yol polis əməkdaşları onun yanından keçərək baxmış və sürməsini bildirmişlər. O da mühərrikin dayandığını demişdir. Hətta qəza işıqları yana-yana avtomobil yavaş hərəkətdə olmuşdur. Məhkəmədən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 28350179 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılov Ağasən Savalan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun: - 11-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. - 43-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. - 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. - 52-ci maddəsinin Vİ hissəsinin 1 və 2-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə və yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkildən görünür ki, “Chevrolet Cruze minik” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, 14-cü məhəllədə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, bununla da İsmayılov Ağasən Savalan oğlu dayanma durma qaydasını pozaraq qadağan olunan yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, İsmayılov Ağasən Savalan oğlu hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə həmin protokolun düzgünlüyü qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, İsmayılov Ağasən Savalan oğlunun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28350179 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və İsmayılov Ağasən Savalan oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, İsmayılov Ağasən Savalan oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28350179 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İsmayılov Ağasən Savalan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İsmayılov Ağasən Savalan oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28350179 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar