Məhkəmə qərarları › İş №3(060)-1381/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1381/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1381/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Alıbəyli ə/d, Sarıl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Masazır qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin ) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov tərəfindən İXM-nin 206-cı maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Dalğa” mehmanxanasının qarşısında saxlanılıb 4-cü PB-nə gətirilərkən narkotik vasitə “marixuana” və “metodon” istifadə etməsi müəyyən edilmiş, bu səbəbdən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 4-cü PB-nin polis sahə rəisi, polis mayoru Eldar İbrahimov protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 5 iyun 2025-ci il tarixdə saat 02:00 radələrində 4-cü PB-nə bölmənin əməkdaşlar tərəfindən gətirilmişdir. Gətirilməsinə səbəb şəxsin narkotik vasitə istifadə etməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması olmuşdur. Gətirilən zaman şəxs barəsində raport tərtib edilmiş və araşdırma aparılmışdır. Nəticədə şəxsin narkotik vasitə marixuana və metadon istifadə etməsi faktı aşkarlanmışdır. Bu barədə müvafiq qərar qəbul edilmiş, tərəfindən İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmiş və iş materialları baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs 05 iyun 2025-ci il tarixdə saat 04:15-dən 16:05-ə qədər inzibati qaydada tutulmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, 15 gündür ki, narkotik vasitə metamfetamin istifadə etməyə başlamış, sonuncu dəfə 4-5 gün öncə istifadə etmişdir. Narkotik vasitəsini Sumqayıt şəhərində xəstəxananın qarşısından tapmış, 1 ədəd qəhvəyi rəngli dərman formasında olan metadondan istifadə etmişdir. Sonuncu dəfə istifadə etdiyi marixuananı 10 manata əldə etmişdir. 05 iyun tarixində gecə saat 2 radələrində PB-nin əməliyyatçıları tərəfindən “Dalğa” mehmanxanasının qarşısında saxlanılmışdır. Tibbi müayinə üçün nümunə vermiş, ekspress test üsulu ilə aparılmış müayinə rəyi ilə tanış olmuşdur. Qeyd edir ki, Masazır qəsəbəsində yaşayır, 2024-cü ilin fevral ayında ailə həyatı qurmuş, fəhlə kimi tikintidə işləyərək gündəlik 25-30 manat məbləğində qazanc əldə edir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2025-ci il qərara əsasən Şəxs barəsində qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:15-də inzibati qaydada tutulmuşdur. AR Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 3352 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs KANNABİNOİDLƏRİN və SİNTETİK OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 05 iyun 2025-ci il tarixli, A/1158 saylı protokola əsasən Şəxs narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Məhkəmə protokol tərtib etmiş sahə rəisini, barəsində protokol tərtib edilmiş şəxsi, o cümlədən iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatinin xətanın törədilməsi sübuta yetirilmişdir, onun məsuliyyətini istisna edən hər hansı hal məhkəmə iclasında müəyyən ediməmişdir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcələnin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması qanuni və əsaslıdır. Belə ki, inzibati qaydada həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 04:15-dən hesablanmalı, barəsində narkomaniyadan məcburi mülicə təyin edilməli, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən, saat 04:15-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar