Məhkəmə qərarları › İş №3(060)-1383/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1383/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1383/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 592-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə etməsi aşkar edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, o, iki il öncə sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən 600 manat pul ödəməklə “Pantom 4” markalı pilotsuz uçuş aparatı əldə etmişdir. O, hər hansı dövlət orqanının rəsmi icazəsi olmadan həmin aparat vasitəsi ilə videoçəkilişlər həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə 14 saylı orta məktəbdə “Son zəng” tədbiri ilə bağlı 150 manat müqabilində məsafədən idarə edilən pilotsuz uçuş aparatı vasitəsi ilə çəkiliş etməyə başlamışdır. Həmin vaxt çəkiliş edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib 3-cü PB-ə dəvət etmişlər. Bildirir ki, o, məsafədən idarə edilən pilotsuz uçuş aparatından istifadə etməsi ilə bağlı hansısa orqandan icazə alması barədə məlumatlı olmamışdır. Əməlindən peşmandır, qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İşdə olan 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Əlinasir Nəsirli tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 592-1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatında öz əməlini səmimi olaraq etiraf etmişdir. İXM-nin 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə - məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci bəndinə əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalar hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını Şəxs əməlini yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi, polis baş leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, sonuncu barəsində İXM-nin 592-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh edilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə nəzərə alır ki, İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş məsafədən idarə edilən “Pantom 4” markalı pilotsuz uçuş aparatı müsadirə olunmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar