Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1385/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4117/2023 saylı icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 3900/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs Səmiddin qızına verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4599/2023 saylı icra sənədinə əsasən isə borclu Şəxs 3755.76 ödənilməmiş hissə, 44 manat cərimə borcu, 61.30 manat dövlət rüsumu, cəmi 3861.06 manat pul alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Boclunun əvvələr də aliment borcu olmuş və buna görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bu ilin mart ayında borclu 4000 manatdan artıq aliment borcunu tam ödəmiş və hər hansı aliment borcu qalmamışdır. Lakin, aprel və may aylarında aliment borcunu ödəmədiyi üçün 880 manat aliment borcu yaranmışdır. Bu gün protokol tərtib edildikdikdən sonra borclu aliment borcu üzrə 600 manat da ödəniş etmiş, hazırda 280 manat aliment borcu mövcuddur. Digər icra sənədi üzrə isə boclu hər ay 50 manat ödəniş edir. Həmin icra sənədi üzrə 3182 manat borc mövcuddur. Borclunun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmiş, yaxud gəliləri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, işləmədiyi üçün əvvəllər aliment borcu üzrə ödənişlər edə bilməmişdir. Buna görə də 4000 manatdan artıq borcu yığılmışdır. Bu ilin mart ayında başqa şəxslərdən borc alaraq aliment borcunu tam ödəmişdir. Lakin, işləmədiyi üçün aprel və may aylarında aliment borcunu ödəyə bilməmiş 880 manat aliment borcu yığılmışdır. Bu gün aliment borcu üzrə 600 manat ödəniş etmiş, qalan 280 manat borcu isə 5-6 gün müddətində ödəməyə söz verir. Digər icra sənədi üzrə isə hər ay mütamadi 50 manat ödəniş edir. İşləmədiyi və hər hansı gəliri olmadığı üçün həmin borcu bir dəfəyə tam ödəyə bilmir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədi üzrə ödəniş etməkdən qərəzli olaraq yayınmır. Əksinə hər ay 440 manat olan aliment borcunu tam ödəyir. Yalnız son iki ay ərzində ödənişdə gecikmə olmuş və 880 manat borc yığılmışdır. Həmin borcun isə 600 manatını ödəmiş, qalan 280 manatı isə qısa müddətə ödəməyə söz verir. Digər icra sənədi üzrə isə hər ay mütamadi ödənişlər olur. Borclu işləmədiyi və hər ay 440 manat aliment ödədiyi üçün həmin borcu bir dəfəyə tam ödəyə bilmir. Göründüyü kimi borclunun əməlində hər hansı qərəz yoxdur. Maddi imkanı yol Göstərilən halları, yəni borclunun əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4117/2023 saylı icra sənədindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3900/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs Səmiddin qızına verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4599/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 3755.76 ödənilməmiş hissə, 44 manat cərimə borcu, 61.30 manat dövlət rüsumu, cəmi 3861.06 manat pul alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs tələbkarın xeyrinə 400 və 200 manat, ümumilikdə 600 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4117/2023 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Səmiddin qızına verilməlidir. Qeyd edilən icra sənədi üzrə 2025-ci ilin mart ayına qədər olan ödənişlər borcu tərəfindən tam ödənilmiş, lakin aprel və may ayları üzrə aliment borcu ödənilmədiyi üçün 880 manat borc yığılmışdır. Bu səbəbdən də borclu barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Bundan sonra iş məhkəmənin icraatına daxil olana kimi borclu tərəfindən 600 manat ödəniş edilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4599/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 3755.76 ödənilməmiş hissə, 44 manat cərimə borcu, 61.30 manat dövlət rüsumu, cəmi 3861.06 manat pul alınaraq "xxxx" MMCnə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə borclu hər ay 50 manat olmaqla mütamadi ödənişlər həyata keçirmişdir. Hazırda borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş, eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, hər hansı rəsmi gəli və əmlakı olmadığı halda hər ay 440 manat olan aliment borcunu mart ayına qədər tam ödəmiş, yalnız aprel və may aylarında ödəniş olmadığı üçün 880 manat borcu yığılmış, həmin borcdan isə 600 manatını ödəmişdir. Borclu digər icra sənədi üzrə isə hər ay mütamadi 50 manat ödəniş edir. Göründüyü kimi borclu hər ay 440 manat aliment borcunu və digər icra sənədi üzrə 50 manat ödənişlər edir. Göründüyü kimi borclu icra sənədlərinin icra edilməsi üçün faktiki imkanları çərçivəsində yetərli tədbirlər görmüş, icra sənədinin tam icra edilməməsinin səbəbi isə onun maddi vəziyyəti ilə əlaqədar faktiki imkanlarının olmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, faktiki imkanının olmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1385/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1385/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver