Məhkəmə qərarları › İş №3(060)-1389/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1389/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1389/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 16 fevral 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatları 2020-ci ildə auditor rəyi ilə birlikdə dərc ollunmamışdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs ASC -nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdir müavini Ramiz Qarayevin Şəxs ASC-yə 02.02.2021-ci il tarixli 10/03-36-8 saylı bildirişindən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs ASC 2019-cu il üzrə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 30 aprel 2020-ci il tarixdən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına, habelə həmin maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasını Maliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati xəta haqqında işə 12 fevral 2021-ci il tarixdə Nazirliyin Uçot Siyasəti şöbəsində baxılacağı barədə məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).... Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə görə Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə-vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında yerləşən Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar