Məhkəmə qərarları › İş №3(060)-1389/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1389/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1389/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Namiq Kazımovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəh., anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadionunun yaxınlığında telefonla ucadan küçə söyüşləri söyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Namiq Kazımovun məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Şəxs ucadan küçə söyüşləri söyməsi səbəbi ilə ətrafda olan iki nəfər yaşlı vətəndaş ona bu barədə iradını bildirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 23 may 2023-cü il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadionunun yaxınlığında dostunun yanına gələn zaman ara məhəllələrin arasında telefonla danışanda əsəbi olduğu üçün ucadan nalayiq küçə söyüşləri söyərək orada yaşayan sakinləri narahat etmişdir. Belə ki, ətrafda olan iki nəfər yaşlı vətəndaş ucadan danışdığı üçün ona iradını bildirmiş, o isə həmin şəxsdən ucadan səs-küy saldığı, nalayiq ifadələr işlətdiyi üçün üzr istəmişdir. Hazırda törətdiyi əməli etiraf edir və çox peşmandır, bir daha belə pozuntulara yol verməyəcəyinə söz verir. Himayəsində 01 və 04 yaşlı övladları var. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 02 azyaşlı övladının olmasını AR İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs Sumqayıt şəhəri, Mehdi Hüseynzadə adına stadionunun yaxınlığında ucadan qışqırmaqla, nalayiq küçə söyüşləri söymüş, ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 23 may 2023-cü il tarixdə, saat 22:30-da tutulmuş, 24 may 2023-cü il tarixdə saat 14:30 dəqiqədə azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:30-da tutularaq, xx.xx.2023-cü il tarixə, saat 14:30-a dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar