Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1392/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Şəxs 28 may 2025-ci il tarixində Sumqayıt şəhəri, Sülh küçəsində “Kamaz 5320” yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 342.5 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmiş, buna görə saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş, nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunmuş və barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə protokol tərtib olunaraq material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı Rüfət Zeynalov tərtib etdiyi protokola uyğun izahat verərək izahatında bildirmişdir ki, sürücü Şəxs Sülh küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobildə xarici işıq cihazlarının nasazlığı və yol nişanlarının tələblərinə riayət etmədiyinə görə saxlanılmış, sürücünün sənədləri yoxlanılan və ilkin profilaktik söhbət aparılan zaman sonuncunun narkotik vasitənin təsiri altında olması ilə bağlı şübhələr yaranmışdır. Sürücü müayinəyə dəvət olunmuş, ekspress test üsulu ilə aparılmış müayinə zamanı onun marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərarın qəbul edilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 28 may 2025-ci il tarixində Sülh küçəsində idarə etdiyi “Kamaz 5320” yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkədə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış, daha sonra həkim müayinəsinə dəvət olunmuşdur. Müayinə üçün özü sidik nümunəsi təqdim etmiş, həkim rəyi ilə tanış olmuşdur. Müayinə aparıldıqdan sonra növbəti gün, yəni 29 may 2025-ci ildə Bakı Şəhər Narkoloji Dispanserində yenidən müayinə olunmaq üçün müraciət etmiş, həkim müayinəsi nəticəsində onda hər hansı narkotik vasitə və psixotrop maddə istifadə etməsi faktı aşkar edilməmişdir. Həmin yoxlanışa idarə etdiyi yük maşınının mülkiyyətçisi tərəfindən göndərilmişdir. Bu zaman Narkoloji Dispanserdə 22 manat məbləğində dövlət rüsumu ödəmiş, 28 may 2025-ci il tarixində Sumqayıt Şəhər Narkoloji Dispanserdə isə həkim müayinəsi üçün heç bir ödəniş etmədiyni qeyd edir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, daha öncə CM-nin 178 və 234.1-ci maddələri ilə ayrı-ayrı vaxtlarda cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Qaradağ rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, 2024-cü ilin may ayında azadlığa çıxmışdır. Qeyd edir ki, əvvəllər narkotik vasitə olan marixuanadan çəkməklə istifadə etmişdir. Barəsində narkomaniya xəstəliyindən mərburi müalicə təyin edilmişdir. Sumqayıt və Bakı Şəhər Narkoloji Dispanserlərinin 28 və 29 may tarixli, bir-digəri ilə ziddiyətli olan müayinə nəticələrinə münasibətdə qeyd edir ki, müayinələr arasında olan bir gün ərzində plazmofarez proseduru etdirməmişdir. Uzun müddətdir narkotik vasitə və psixotrop maddədən istifadə etmir, xəstəlikdən əziyyət çəkmir, müalicə olunmuşdur. Qeyd olunanaların nəzərə alınmasını və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Narkoloji Dispanserin feldşer narkoloqu Şahid1 izahatında göstərmişdir ki, 28 may 2025-ci il tarxində polis əməkdaşları tərəfindən vətəndaş Şəxs Sumqayıt Şəhər narkoloji Dispanserinə müayinə üçün gətirilmiş, sidik nümunəsindən ekspress test üsulu ilə yoxlama aparılmış, müayinə nəticəsində test 1 xətt, yəni marixuana qəbulu faktı aşkarlanmışdır. Müayinə nəticəsi ilə sonuncu tanış edilmiş, aparılmış müayinələr və nəticələri müvafiq olaraq qeydiyyata alınmışdır. Feldşer Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə əgər bifdəfəlik istifadə edilmişdirsə, həmin maddə bədəndə 3 gün müddətində qalır. Lakin əgər şəxs daimi narkotik vasitədən istifadə edirsə, o cümlədən narkotik aludəçisidirsə, həmin maddə bədəndə təxminən 50-60 gün müddətində qalır. Şəxs barəsində Bakı Şəhər Narkoloji Dispanseri tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli aktın nəticəsinə münasibətdə bildirir ki, şəxs tərəfindən qəbul edilmiş narkotik vasitənin növbəti gün həkim müayinəsində aşkar edilməməsinin yegəna yolu plazmofarez prosedurudur. Yəni xüsusi aparatdan istifadə etməklə qanın filtirasiya üsulu ilə təmizlənməsidir. Adı çəkilən prosedur klinikalarda həyata keçirilir. Lakin ev şəraitində də həyata keçirilməsi mümkündür. Qeyd edir ki, müayinə olunan şəxs tibbi müayinə nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilərdi, bu halda tibb müəsissəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Qeyd edir ki, Sumqayıt Şəhər Narkoloji Dispanserdə həyata keçirilən müayinə ödənişsiz əsaslarla həyata keçirilir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Şahid2 izahatında göstərmişdir ki, 29 may 2025-ci il tarxində maüyinə üçün dispanserə müraciət etmiş Şəxs tanıyır. Belə ki, sonuncu həmin müəssisədə Qaradağ rayonu üzrə, F-19 diaqnozu ilə dispanser qeydiyyatındadır. Sonuncudan 5 parametrli narkotik vasitələrin yoxlanılması məqsədi ilə sidik nümunəsi götürülmüş, ekspress test üsulu ilə yoxlama aparılmış, müayinə nəticəsində Şəxs hər hansı narkotik vasitə qəbul faktı aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, asılılıq sindromu olan şəxlərdə marixuana bədəndə 1 aya qədər qalır. Sonuncu barəsində 28 və 29 may tarixlərində həyata keçirilmiş və bir-biri ilə ziddiyətli olan müayinə nəticələrinə münasibətdə qeyd edir ki, ola bilər ki, şəxsin bədəni sistemlər vasitəsilə təmizlənmiş və məhz bu səbəbdən müayinə nəticəsində narkotik vasitə qəbul faktı aşkar edilməmişdir. İşlədiyi Bakı Şəhər Narkoloji Dispanserində həyata keçirilən bütün müayinə nəticələrinin qanunun müvafiq tələblərinə uyğun qeydiyyata alındığını qeyd edir. Qeyd edir ki, dispanserdə qeydiyyatda olan şəxslərə münasibətdə həkim müayinəsi ödənişsiz əsaslarla həyata keçirilir, yanlız dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdıma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 3289 №-li, 28 may 2025-ci il tarixli protokoldan görünür ki, “Kamaz 5320” yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 3289 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir . AR SN “Bakı şəhər Narkoloji Mərkəzi” X4 tərəfindən tərtib edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli, 4951 №-li aktdan görünür ki, Şəxs alınmış sidik nümunəsi ekspress test üsulu ilə müayinə edilmiş, nəticədə sonuncunun narkotik vasitə qəbul etməsi faktı aşkar edilməmişdir. AR SN “Bakı şəhər Narkoloji Mərkəzi” X3 əldə edilmiş xx.xx.2025-ci il tarixli, 2480 nömrəli arayışa əsasən, Şəxs xx.xx.2023-cü il tarixindən “Narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində BŞNM-də tibbi müayinədən keçmiş, müayinə zamanı bioloji materialda yoxlanılan narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə 28 may 2025-ci il tarixli aktdan görünür ki, “Kamaz 5320” yük markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə xüsusi mühafizə olunan duracağa təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi sübuta yetirilməmiş, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, Şəxs 28 may 2025-ci il tarixdə yol patrul xidməti inspektoru tərəfindən narkotik vasitədən istifadədə şübhəli bilindiyi üçün müayinəyə aparılmış, həmin tarixdə Sumqayıt şəhər Narkoloji Mərkəzin tərtib etdiyi akta əsasən narkotik vasitə olan marixuanadan istifadə etməsi faktı aşkar edilmişdir. Bundan sonra növbəti gün Şəxs Bakı şəhər Narkoloji Mərkəzdə öz təşəbbüsü ilə müayinə olunmuş, müayinənin nəticəsində tərtib edilmiş akt və arayışda sonuncunun narkotik vasitədən və psixotrop maddələrdən istifadə etmədiyi müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsionə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göründüyü kimi Şəxs aparılmış müayinə nəticəsindən narazı olduğu üçün, növbəti gün Bakı şəhəri Narkoloji Mərkəzdə müayinə olunmuş onun həqiqətən də narkotikdən istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə Şəxs 01 gün ərzində plazmofarez proseduru ilə, yəni xüsusi aparatdan istifadə etməklə qanını filtirasiya üsulu ilə təmizlətdirməsini ağlabatan hesab etmir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanaraq öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitədən və psixotrop maddədən istifadə etməmiş, yəni inzibati xəta törətməmişdir. Onun hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun yuxarda qeyd edilən normalarını rəhbər tutub, o cümlədən işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və İXM-nin 53.1.2, 114.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1392/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1392/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver