Məhkəmə qərarları › İş №3(060)-1393/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1393/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1393/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Yevlax şəh., anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt ŞPİ 1-ci Polis Bölməsində səs-küy salaraq bölmənin iş rejimini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadə məhkəmə iclasında bildirdi ki, Şəxs 18 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, Daş Bazarı adlanan əraziyə yaxın yerdə əmisi oğlu ilə mübahisə etmiş və həmin mübahisə Təhlükəsiz şəhər kameraları tərəfindən qeydə alınmışdır. Mübahisənin araşdırılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin əməliyyat müvəkkili Eyvaz Əşrəfli tərəfindən 24 may 2023-cü il tarixdə Şəxs və onun əmisi oğlu Rəşadət Şıxəliyev bölməyə dəvət edilmişdir. Araşdırılma aparılması məqsədi ilə hər iki şəxs 24 may 2023-cü il tarixdə saat 17:30 radələrindən 25 may 2023-cü il tarixə saat 12:00-dək Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin müvəqqəti saxlama yerində saxlanılmışlar. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 18 aprel 2023-cü il tarixdə mülkiyyət hüququ əsasında atasına məxsus, etibarnamə əsasında idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri ərazisində hərəkətdə olan əmisi oğlu Rəşadət Şıxəliyev ilə aralarında telefon üstündə mübahisə yaranmışdır. Daha sonra aralarında olan mübahisə daha da kəskinləşmiş, o avtomobili Sumqayıt şəhəri, 18-ci mikrorayon, Daş Bazarı adlanan əraziyə yaxın yerdə saxlayaraq, maşından düşərək mübahisələrini davam etdirmişlər. Mübahisə sakitləşdikdən sonra hər ikisi avtomobilə əyləşərək yollarına davam etmişlər. 24 may 2023-cü il tarixdə atası onunla əlaqə saxlamış, nə baş verdiyini soruşduqda o, 18 aprel 2023-cü il tarixdə əmisi oğlu Rəşadət ilə mübahisə etdiyini bildirmişdir. Bu məsələ ilə bağlı Sumqayıt ŞPİ 1-ci PB-dən ona zəng gəlmiş, o da öz növbəsində həmin bölməyə yaxınlaşmışdır. O, bölmədə olan zaman əmisi oğlu ilə arasında heç bir ədavət və ya düşmənçiliyin olmadığını bildirmiş, aralarında olan mübahisənin elə həmin gün də həll olunduğunu qeyd etmişdir. O, bölmədə heç bir səs-küy salmamış, qışqırmamış, bölmənin iş rejimini pozmamışdır. O və əmisi oğlu Rəşadət 24 may 2023-cü il tarixdə saat 17:30 radələrindən 25 may 2023-cü il tarixə saat 12:00-dək Sumqayıt ŞPİ 1-ci polis bölməsinin müvəqqəti saxlama yerində saxlanılmışdır. Məhkəmə iclasında şahid Eyvaz Əşrəfli bildirdi ki, Sumqayıt ŞPİ 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. 18 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, Daş Bazarı adlanan əraziyə yaxın yerdə iki nəfər şəxsin mübahisə etməsi Təhlükəsiz şəhər kameraları tərəfindən qeydə alınmışdır. Mübahisənin araşdırılması məqsədi həmin görüntüdə olan şəxslər bölməyə dəvət olunmuşlar. Bölmədə həmin şəxslərin Şəxs və Rəşad Şıxəliyev olduğu məlum olmuşdur. Mübahisənin hansı səbəbdən baş verməsi ilə əlaqədar onlardan soruşduqda, Şəxs uca səslə əmioğlu olduqlarının, aralarında ciddi bir şeyin olmadıqlarını, nəyə görə bölməyə dəvət edildiklərini bildirmişdir. O öz narazıçılığını uca səslə söyləyərək bölmənin iş rejimini pozmuşdur. Araşdırılma aparılması məqsədi ilə hər iki şəxs 24 may 2023-cü il tarixdə saat 17:30 radələrindən 25 may 2023-cü il tarixə saat 12:00-dək Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin müvəqqəti saxlama yerində saxlanılmışlar. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu protokol və sənədlərə qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Elxan Məmmədov tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Sahə inspektoru raportda qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan, şəxsin təqsirli olması ilə bağlı sübutlar toplamadan, yəni hansı ictimai qaydanı pozmasnı müəyyən etmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 25 may 2023-cü il tarixdə, saat 17:30-da tutulmuş, 25 may 2023-cü il tarixdə saat 12:00 dəqiqədə azad edilmişdir. Məhkəmə iclasında həm protokolu tərtib etmiş şəxs, şahid həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, Ramal və Rəşad Şıxəliyevlər 24 may 2023-cü il tarixdə saat 17:30-dan Sumqayıt ŞPİ 1-ci Polis bölməsinin MSY-də saxlanılmış, lakin inzibati qaydada tutma protokolu 25 may 2023-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması hallarından başqa azadlıqdan məhrum edilə bilməz. Həm yerli həm də beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxsin azadlıq hüququndan məhrum edilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda ola bilər. Beləliklə məhkəmə hesab edir, şəxs faktiki olaraq 24 may 2023-cü il tarixdə tutulduğu halda, prosessual sənədlər saxtalaşdırılaraq 25 may 2023-cü il tarixdə tərtib edilmişdir. Qeyd olunan bu halllar barədə aiddiyatı üzrə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs qanunsuz olaraq tutularaq azadlıq hüququndan məhrum edilməsi ilə əlaqədar materiallar müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyatı üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar