Məhkəmə qərarları › İş №3(060)-1394/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1394/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1394/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X1, X3 Fərrux oğlunun iştirakları ilə, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Kazımov Oktay Fərrux oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kazımov Oktay Fərrux oğlu Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il saat 19:05-də Sumqayıt şəhəri, H.Əliyev və Polad Həşimov küçələrinin kəsişdiyi ərazidə idarə etdiyi “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə geriyə dönmə əməliyyatı icra edərkən arxadan gələn qara rəngli “Toyota” minik markalı avtomobil onun avtomobilinə toxunmuş, nəticədə avtomobilin sol arxa qapısına sürtünmüşdür. O və digər sürücü 102 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yol polisi əməkdaşının gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra yol polis əməkdaşı hadisə yerinə gəlmişdir. Hər iki avtomobilin foto şəkilləri çəkildikdən sonra növbəti gün o və digər sürücü Sumqayıt ŞPİ-nin DYPŞ-nə izahat yazılmağa dəvət eedilmişlər. Növbəti gün o, şöbədə öz izahatını yazmış, daha sonra polis əməkdaşı video görüntülərə əsasən təqsirin kimdə olacağının müəyyən ediləcəyini bildirmişdir. Polis əməkdaşı 7-8 gündən sonra onu şöbəyə dəvət etmiş, video görüntü əsasında onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci madədəsində göstərilən inzibati xətaya yol verdiyini bildirmişdir. O, video görüntünü ona təqdim edilməsini xahiş etmiş, lakin polis əməkdaşı video görüntünü ona təqdim etməyin mümkün olmayacağını bildirmişdir. O, şöbədə buna öz etirazını bildirmiş və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verəcəyini bildirmişdir. Video görüntüyə baxılan zaman arxadan gələn “Toyota” minik markalı avtomobilin sürücüsü diqqətsizlik göstərərək ara məsafəsi saxlamadığını, işıqforun sarı işığında keçdiyini müəyyən etmək olur. Polis əməkdaşının dediyi sözlərlə baş vermiş hadisənin görüntüsü üst-üstə düşmür. Polis əməkdaşı guya onun əvvəlcə sağa və sonra isə sola dönmə işıqlarını yandırdığını iddia edir. Video görüntüdə isə açıqaydın onun dönmə işığını yalnız sola yandırdığı görünür. Bu da arxadan gələn avtomobilin sürücüsünün diqqətsizlik etdiyi deməkdir. Video görüntünü araşdırılmasını və iş üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Kazımov Oktay Fərrux oğlu şikayətinin məzmununa uyğun izahat verərək, eyni zamanda şikayətin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 Fərrux oğlu əlavə olaraq bildirmişdir ki, hadisə baş verən yolda dairə olmamışdir. O, piyada keçidini keçmiş, eyni zamanda yolun eni az olduğu üçün o dönmə trayektoriyasını böyük götürmüşdür. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 bildirmişdir ki, sürücü Kazımov Oktay Fərrux oğlu 26 may 2025-ci il tarixdə saat 19:05 radələrində “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə yolun sol zolağında idarə edərək Polad Həşimov küçəsinin kəsişməsinə çatdıqda sola dönmə işığını yandırmış, lakin yol kəsişməsində sağa meyillənərək sağ zolağa çıxmış, daha sonra isə anidən sola dönərək ondan arxada sol zolaqda hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxmış, nəticədə arxadan gələn “Toyota” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi Oktay Kazımovun idarə etdiyi avtomobilin sol arxa qapısına sürtünmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hər iki sürücünün izahatı alınmış, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş və hadisə vaxtı qeydə alınmış video görüntülər götürülmüşdür. Araşdırma zamanı sürücü Kazımov Oktay Fərrux oğlunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin l, İİ, V, Vİ və Vİİ hissələrinin tələblərini pozması müəyyən edilmişdir. Digər nəqliyyat vasitəsinin sürücüsünün isə hər hansı qanun pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Sigər sürücü svetaforun sarış işığında keçsə də, bu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, videgörüntülərdən də görünür ki, “Toyota” markalı **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobil stop xəttə çatmağa təxmini bir metr qalmış svetaforun sarı işığı yanmışdır. Bu halda hətta ani tormozlama olsa da avtomobilin saxlanılması mümkün ola bilməzdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə bu halda svetaforun sarı işığında keçmə qanun pozuntusu hesab edilmir. Ona görə də sürücü Kazımov Oktay Fərrux oğlunun Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Kazımov Oktay Fərrux oğlu xx.xx.2025-ci il tarixdə saat 19:05-də “Opel Zafira” minik markalı, **-EU-*** dövlət nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə yolun sol zolağında hərəkət edərək Polad Həşimov küçəsinin kəsişməsinə çatdıqda sola dönmə işığını yandırmış, lakin yol kəsişməsində sağa meyillənərək yarıya qədər sağ zolağa çıxmış, daha sonra isə anidən sola dönərək ondan arxada sol zolaqda hərəkət edən nəqliyyat vasitəsinin qarşısına çıxmış, nəticədə arxadan gələn “Toyota” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına sürtünmüşdür. Beləliklə də, məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Oktay Fərrux oğlu sola dönmə əməliyyatını icra edərkən həmin istiqamətdə müvafiq kənar vəziyyət tutmadan sağa meyillənərək yarıya qədər sağ zolağa çıxmış, sonra isə anidən sola istiqamətlənərək sol zolaqda arxadan hərəkət edən “Toyota” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə arxadan gələn avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin sol arxa qapısına sürtünmüşdür. Təqdim edilmiş video görüntülərə əsasən həmçinin müəyyən edilmişdir ki, “Opel Zafira” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabariti və mövcud yol şəraiti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin altıncı hissəsinin tələblərinə əməl etməklə sola dönməyə imkan vermişdir. Həmin Qanunun 42-ci maddəsinin Vİİİ hissəsinə uyğun olaraq müvafiq tələblərdən kənara çıxmağa, yəni avtomobilin qabariti və mövcud yol şəraitinə görə nisbətən sağa meyillənməklə, geniş hərəkət trayektoriyası ilə sola dönməyə lüzum olmamışdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, belə bir zərurət olmuş olsa idi belə, yəni avtomobilin qabaritinə və ya başqa səbəblərə görə yolun müvafiq kənar vəziyyətini tutmaqla dönmə mümkün olmadığı halda, bu hala hərəkət təhlükəsizliyinin təmin olunması və digər nəqliyyat vasitələri üçün maneə yaratmamaq şərti ilə yol verilə bilərdi. İndiki halda isə sürücü Kazımov Oktay Fərrux oğlu sola dönmə əməliyyatını icra etmədən öncə heç bir zərurət olmadan yarıya qədər sağ zolağa çıxmış (YHQ-un 42-ci maddəsinin Vİ hissəsinin pozuntusu) və anidən sol meyillənərək özündən arxada sol zolaqda hərəkət edən avtomobilin qabağına çıxmaqla, yəni hərəkət təhlükəsizliyini təmin etməməklə və digər nəqliyyat vasitələri üçün maneə yaratmaqla (YHQ-un 42-ci maddəsinin İ və Vİİİ hissələrinin pozuntusu) yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Təqdim edilmiş video görüntülərə əsasən eyni zamanda müəyyən edilmişdir ki, “Toyota” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil svetaforun sarı işığında keçdə də, svetaforun sarı işığı həmin avtomobilin stop xəttə çatmasına təxmini bir metr qalmış yanmışdır. Yəni, ani tormozlama olmadan avtomobilin saxlanılması mümkün ola bilməzdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə bu halda svetaforun sarı işığında keçmə qanun pozuntusu hesab edilmir. Beləliklə də, işin yuxarıda göstərilən faktiki hallarına və qanunvericliliyin tələblərinə əsasən Kazımov Oktay Fərrux oğlunun Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin İİ hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Həmin Qanunun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin Qanunun 42-ci maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Kazımov Oktay Fərrux oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Kazımov Oktay Fərrux oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar