Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1396/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, belə ki, şəxsi mülkiyyətində olan “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomaşın ilə xx.xx.2024-cü il tarixdə saat 18:25 radələrində Sumqayıt şəhərində Sülh-Bakı küçələrinin kəsişdiyi ərazidə yolun ikincə hərəkət zolağında hərəkətdə olarkən qəflətən arxa sol tərəfindən hərəkətdə olan “Hunday” markalı avtobus manevr edərək qəflətən onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobili vuraraq heç bir iş olmamış kimi hadisə yerindən uzaqlaşaraq getmişdir. O, dərhal 102 xidmət mərkəzinə məlumat vermiş, hadisə yerinə heç kim gəlməmişdir. Lakin həmin vaxt özünü Sumqayıt Şəhər DYPŞ-nin polis leytenantı kimi təqdim edən X3 ona zəng edərək hadisə yerindən getməyini və ertəsi gün idarəyə gəlməsini demişdir. Ertəsi gün o və avtobusun sürücüsü polis şöbəsinə getmişlər. Orada hər ikisindən izahat alaraq əlavə heç bir araşdırma aparmadan onlara getmələri söylənilmişdir. O, dəfələrlə tələb etməyinə baxmayaraq çox təkid etdikdən sonra 11 iyun 2024-cü il tarixdə barəsində tərtib olunmuş inzibati tənbeh barədə qərarı ala bilmişdir. Qeyd edir ki, şikayətə əlavə etdiyi video görüntüdən də göründüyü kimi avtobus onun idarə etdiyi avtomaşından geridədir. Qısa zaman kəsiyində həmin avtobus hərəkət edərək onun avtomaşınını ötür və kəskin surətdə sağdan sola manevr edir. O isə yavaş-yavaş öz yolu ilə düzünə hərəkət edir. Əvvəlcə sağ tərəfə dönmək üçün avtobus sürücüsü sağ hərəkət zolağını götürüb yolun sağ ilə gəlməli idi, yox əgər yolun sağını əvvəlcədən tutmamışdırsa, sağa-sola baxaraq hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan sağa dönməli idi. Birdən-birə qəflətən sağa dönüb onun idarə etdiyi maşını sıxmaqla avtobus sürücüsü öz manevri ilə təhlükəsizliyi təmin etmədən onun idarə etdiyi maşını vurmuşdur. Bunun təqsiri avtobus sürücüsündədir. Çünki, avtobus arxadan gəlib qısa məsafədən onun idarə etdiyi maşına çatır və çatmağı ilə də sağa dönərək hərəkəti üçün maneə yaradır. X7 qanunun tələbinə əsasən sürücü hərəkətə başlamazdan əvvəl sağa-sola baxmaqla əmin olmalıdır ki, hərəkətin digər iştirakçıları üçün təhlükəsizdir. Burada da avtobus onun idarə etdiyi avtomaşına çatıb dərhal sağa dönməklə sağa manevr etmiş olur. Buna görə də məsuliyyəti avtobus sürücüsü daşımalıdır. Çünki onun sağa manevri hərəkət üçün təhlükəlidir. Onun idarə etdiyi avtomaşın üçün və digər iştirakçılar üçün də necə ki, konkret halda təhlükəli olubdur. Göründüyü kimi, barəsində tərtib edilmiş qərarda qeyd olunan yol hərəkəti qaydalarını pozmamışdır. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı zəruri ilkin araşdırma aparılmadan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. İnzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar ona məlum olan kimi mən DİN-nin BDYP-yə şikayət etmiş, lakin müraciətinə heç bir cavab verilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin axtarış üzrə baş inspektoru, polis leytenantı Şahin Qəhrəmanov məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X1 izahatında “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomaşını vurduğunu, hadisə nəticəsində xəsarət alan olmasa da. digər avtomobilə maddi zərər verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən olunur ki, ağ rəngli, “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomaşın yolun sağ zolağı ilə hərəkətdədir, onun yanında orta zolaqda göy rəngli “Hyundai” markalı sərnişin avtobusu eyni istiqamətdə hərəkət edir, bundan sonra “X9” minik markalı avtomobilin sürücüsü qarşısına maneə çıxdığından sola dönmək üçün sola dönmə göstəricisini, “Hyundai” markalı sərnişin mikroavtobusunun sürücüsü isə sağ tərəfə dönmək üçün sağa dönmə göstəricisini yandırır, hər iki nəqliyyat vasitəsini eyni anda hərəkət etməyə başlayır, bu zaman “Hyundai” markalı mikroavtobusun sağ qanad hissəsi ilə “X9” minik markalı avtomobilin sol qanad hissəsi toqquşur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Ramilə Nəcəfli tərəfindən yol nişanlarının tələblərinə riayət edilməməsi, habelə ötmə və ya manevr etmə qaydalarının pozulması kimi hərəkətlərə yol verildiyi halda onun məsuliyyət yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, “X7” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin İ hissəsinə görə Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Maddənin V hissəsinə görə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD diskə baxış zamanı məlum olur ki, “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomobili “Hyundai” markalı mikroavtobusunun sağında hərəkətdədir, həm “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomobili həm də “Hyundai” markalı sərnişin avtobusu eyni səmt üzrə hərəkətdə olan zaman, eyni vaxtda yerdəyişməni həyata keçirmək istəyən anda mikroavtobus “X7” qanunun 42-ci maddəsinin V hissəsinin tələblərini pozaraq özündən sağda yerdəyişməni həyata keçirmək istəyən “X9” minik markalı, **-EK-*** dövlət nömrə nişanlı minik avtomobilə yol verməmiş, nəticə də yol nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ramilə Nəcəflinin əməlində inzibati xəta tərkibi olmadığı halda barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanuni deyildir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Ramilə Nəcəfli barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bundan başqa hadisə zamanı “Hyundai” markalı sərnişin mikroavtobusunun sürücüsü xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X1 hərəkətlərində (əməlində) inzibati xəta tərkibinin olub-olmamasının araşdırılması Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə tapşırılmalıdır Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hadisə zamanı “Hyundai” markalı sərnişin avtobusunun sürücüsü xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X1 hərəkətlərində (əməlində) inzibati xəta tərkibinin olub-olmamasının araşdırılması Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə tapşırılsın. Hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1396/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1396/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver