Məhkəmə qərarları › İş №3(060)-140/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-140/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-140/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə 100 manat 3 bal dəyərində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327-ci maddəinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması, sərnişin daşıma qaydasının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması, yolayrıcım keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Ona bu inzibati xəta haqqında qərar Bakı şəhəri, Gənclər meydanı 3 ünvanında tərtib edilmişdir. Həmin hissədə 3.1 “Giriş qadağandır” nişanı olmasına baxmayaraq, yerdə (asfalt örtüyü üzərində) isə düzünə ox, yəni 3.1 “Giriş qadağandır” nişanının təsir dairəsinə daxil olmağa icazə verən nişanlanma xətti mövcuddur. X4 Qanunun 69-cu maddəsinin 4-cü bəndində qeyd edilib: Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilə bilər. Göründüyü kimi yol nişanı və nişanlanma xətti arasında ziddiyyət mövcuddur. Bu halda isə sürücüyə cərimə tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. İXP6815636 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, həmin ərazidə nişan və nişanlama xətti arasında ziddiyyət vardır, çünki nişanlama xətti düzünə hərəkət etməyə əsas verir. YPX əməkdaşı ona saxla işarəsi vermiş, o saxlamış, qayda pozuntusu etmədiyini bildirmiş, lakin buna baxmayaraq YPX əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səhəri gün Bakı şəhər X6 İdarəsinə yaxınlaşaraq qayda pozuntusunun görüntülərini əks olunan videogörüntünü əldə etmək istəsə də, videogörüntünün ona verilməsinə icazələri olmadığını bildirmiş, bundan sonra məhkəməyə müraciət etmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X2 şikayətində Bakı şəhər X5 İdarəsinin əməkdaşından yol hərəkəti qaydasını pozması barədə videogörüntü göstərməsini bildirərək protokolla razılaşmamış, buna baxmayaraq Bakı şəhər X6 İdarəsinin əməkdaşı Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 100 (bir yüz) manat məbləğində inzibati cərimə etmişdir. Həmçinin, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş və həmçinin, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı şəhər X5 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar