Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1400/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs – Məhərrəmova Bəsdi Əyyub qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Qusar rayonu, Aşağı Ləyər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Sumqayıt şəhəri, 41-ci məhəllə, 15 nömrəli yataqxana ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində iş yoldaşı Bəsti Məhərrəmovanı döyüb xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-ü PB-nin sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində iş yoldaşı Məhərrəmova Bəsdi Əyyub qızı ilə ciyinləri bir-birinə dəydikləri üçün aralarında mübahisə yaranmış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişlər, hadisə Bölmənin təhqiqatçısı tərəfindən araşdırılmış, cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş və onların əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğu üçün qərar tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Qərara əsasən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o və Məhərrəmova Bəsdi Əyyub qızı Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində ayrı-ayrı dükanlarda işləyirlər. Əvvəllər də bir-iki dəfə B.Məhərrəmova onun kürəyindən vurmuş, o, ona dəfələrlə irad bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində dükanın qarşısında duran zaman Bəsti onun siyninə dəymiş və kürəyindən vurmuşdur. Ona irad bildirən zaman Bəsdi ona qarşı nalayiq ifadələr işlədərək onun üzərinə gəlmiş, onun başına əl atmış, çənəsindən vurmuş və nəticədə dörd dişi sınmışdır. O, Bəsdini vurmamış, özünü müdafiə məqsədi ilə üzündən itələmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məhərrəmova Bəsdi Əyyub qızı bildirdi ki, o, o və Şəxs Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində ayrı-ayrı dükanlarda işləyirlər. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Tahirə işləyən dükanın qaşısıbdan keçərkən Tahirə bir nəfərlə söhbət etdiyi üçün ortadan keçməmək üçün onun arxasından keçən zaman çiyni onun çiyninə dəymişdir. Bu zaman Tahirə ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, onun yanına gələndə Tahirə onun başına əl ataraq ona xəsarətlər yetirmiş və nalayiq ifadələr işlətmişdir. O, sifətindən xəsarət almış və üz nahiyyəsi qanamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 636 saylı ekspert rəyindən müəyyən olunur ki, Məhərrəmova Bəsdi Əyyub qızının bədəni üzərində aşağıdakı xəsarət vardır: alın, burun, sağ yanaq, sol yanaq nahiyyəsinin sıyrıqları, sağ bazu, sol baldır və sağ təpə nahiyyələrinin qançırları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, müayinədən 3-4 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl zərbələri ilə yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs və Məhərrəmova Bəsdi Əyyub qızının əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib Şəxs məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. Belə ki, ekspert rəyinə əsasən zərərçəkmiş şəxs Məhərrəmova Bəsdi Əyyub qızının bədəni üzərində xəsarətlərin olması və zərərçəkmiş şəxsin izahatından da müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində iş yoldaşı Bəsti Məhərrəmovanı döyüb xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1400/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1400/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver