Məhkəmə qərarları › İş №3(060)-1400/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1400/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1400/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 2ci Polis Bölməsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə aparılan araşdırma zamanı o, tibbi müayinəyə cəlb edilmiş və sidik nümunələrindən götürülmüş analizlə onun narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Daha sonra Şəxs tərəfindən narkotik vasitə qəbul faktı aşkar olunduğu üçün xx.xx.2025-ci il tarixdə yenidən bölməyə çağırılmış, inzibati qaydada tutularaq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, müharibə iştirakçısıdır, müharibədə yaralanmış və müalicə almışdır. Bu səbəbdən də ağrıları olur və ağrılarını azaltmaq üçün narkotik vasitə olan heroindən istifadə edir. Buna görə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə saxlanılmamışdan təxmini bir həftə öncə yenə narkotik vasitədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində olduğu zaman oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirilmişdir. Oğurluq məsələsinin ona heç bir aidiyyəti olmadığı üçün bununla bağlı barəsində araşdırma aparılmamışdır. Lakin, bölmədən onu tibbi müayinəyə aparmışlar və tibbi müayinə zamanı narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Bundan sonra onu azad etmişlər və 10 iyun 2025-ci ildə təkrar dəvət edərək inzibati qaydada tutmuşlar. Göstərilən halları, həmçinin peşmanlığını və müharibə iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu hal isə onun əməlində inzibati xəta tərkibinin olmamasını təsdiq edir. Ona görə də iş üzrə icraata xitam verilmləsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı, məhkəmə-narkoloji ekspertizasının rəyi və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirilmiş, tibbi müayinədən keçirilmiş və narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 09 iyun 2025-ci il tarixli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə onun narkotik vasitə qəbul etməsi aşkar edilmişdir (MOP, MET). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməllərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması səbəbindən material aidiyyəti üzrə Sumqayıt ŞPİnin 2-ci Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs müharibə veteranıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı, məhkəmə-narkoloji ekspertizasının rəyi və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və müharibə iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, CM-in 234.1-ci maddəsi ilə məhkum edildikdən qısa müddət sonra yenidən narkotik vasitə istifadə etməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli və inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 10 iyun 2025-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalı, Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsindən 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 10 iyun 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar