Məhkəmə qərarları › İş №3(060)-1401/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1401/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1401/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X6 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Füzuli rayonu, Qarqabazar kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Saray qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 26 may 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 22.270,00 manat alınaraq icra sənədi üzrə tələbkar X3 verilməlidir. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 22.270,00 manat alınaraq icra sənədi üzrə tələbkar X3 verilməlidir. Borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Daha əvvəl borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 500,00 manat məbləğində cərimə olunmuşdur. O, bu günədək qeyd olunan icra sənədi üzrə borcdan heç bir ödəniş etməmişdir. Borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra etməməsinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X4 izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Şəxs 22.270,00 manat alınaraq ona verilməlidir. Borclu bu günədək qeyd olunan borcdan heç bir ödəniş etməmişdir. Qeyd olunan borcun tam ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq daha sərt tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən ondan 22.270,00 manat alınaraq icra sənədi üzrə tələbkar X3 verilməlidir. Daha əvvəl onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 500,00 manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda yığılmış borcundan ödəniş etməyə maddi imkanının olmadığını bildirərək ona vaxt verilərsə gücü çatan ödəniş edəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2588/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibat cərimə olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu barəsində qeyd olunan icra vərəqələri üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru Şirəli Pirəliyev tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərib olunaraq məhkəməyə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2588/2022 saylı qərarı ilə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat inzibati cərimə olunmuşdur. Göründüyü kimi Şəxs təkrar qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, əmlak vəziyyətini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 may 2023-ci il saat 13:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar