Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1401/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1954-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" QSC-nin direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X8 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 qalıq 89897,07 manat borcu üzürsüz səbəbdən ödəməkdən yayınır. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidməti otaqda icra sənədi barədə rəsmi bildiriş borcluya təqdim edilmişdir. İş üzrə borclu tərəfindən kassasiya şikayət verilmiş, lakin bu icra işi üzrə icraatın dayandırılmasına əsas vermir, eyni zamanda borcun hissəhissə ödənilməsi barədə ərizədə verilməmişdir. Borclu tərəfindən icra tələblərinə məhəl qoyulmamış, bəhanələr uydurulmuş, hətda əsassız yerə ondan icra hərəkətləri barədə şikayət etmişdir. Borclunun kifayət qədər gəliri var. Müxtəlif MMC-lərin təsisçisidir. Borcu daş bazarı adlanan yerdə işləyir, qazancı olduğu halda heç bir ödəniş etmir. Vergi orqanından məktubda vardır ki, borclunun 20% kapitalı var. Borclu qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırır. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ona icra sənədinin icrasından boyun qaçırmır. Hazırda qətnamədən kassasiya şikayəti vermiş və bu barədə icra məmuruna məlumat verərək, icra sənədinin icrasının yekun qərar çıxarılana kimi dayandırılmasını xahiş etsə də, icra məmuru icraatı dayandırmamışdır. O, heç bir müəssəsinin təsisçisi deyildir, sadəcə onu direktor təyin ediblər. Bu borc 2008-ci ildən olan borcdur. Hazırda borcu təqaüdünə və əmək haqqısına yönəldirilməsini xahiş edir. Göstərilən halları nəzərə alaraq ona borcun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, borclu icra vərəqəsindən qərəzli olaraq yayınmır. Qeyd etdiyi kimi, borclunun gəliri var borcun tutulması həmin gəlirə yönəldilməlidir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün borcluya vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, iki ildir ki, məhkəmə prosesi gedir. 6 aydır ki, borclu bir manat belə ödəniş etməmişdir. Borclu hazırda daş bazarı adlanan ərazidə işləyir və kifayət qədər qazanca malikdir. Özü də borcluya verdiyi pula görə borca düşüb. Hazırda borcunu tam tələb edir. Hissə-hissə ödənilməsini istəmir. Göstərilən halların nəzərə alınmasını və borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama barədə qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/20220-008 saylı, xx.xx.2022-ci il tarixli icra səədi üzrə icraata başlanılmış və xx.xx.2025-ci il tarixdə rəsmi olaraq borcluya təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu barəsində axtarış elan olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş, borcluya xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi ödəniş etməmişdir. Hazırda isə borclu ödəniş etmək üçün ona vaxt verilməsini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədindən məlumatsız olması və borcun ödənilməsindən boyun qaçırmamasını icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəlarinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 5 saata görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1401/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1401/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver