Məhkəmə qərarları › İş №3(060)-1402/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1402/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1402/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: 14KPB7Y) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 iyun 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ənvər Elşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment tutulub iddiaççı Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə 29.11.201-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu əvvələr də icra idarəsində gəlməkdən yayınmış, bu səbəbdən xx.xx.2022-ci tarixdə onun barəsində axtarış elan edilmiş və axtarış qərarı əsasında xx.xx.2023-cü ildə icra idarəsinə gətirilmişdir. Həmin vaxt borclu 1200 manat ödəniş etmiş və qalan 4800 manatı da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Həmin vaxt borclunun verdiyi vədə görə tələbkar da humanist yanaşaraq ondan şikayətçi olmamışdır. Bundan sonra beş ay ərzində hər ay 400 manat olmaqla 2000 manat ödəniş edilsə də, sonradann hər hansı ödəniş olmamış və borclu yenidən icra idarəsinə gəlməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə borclu barəsində yenidən axtarış elan edilmişdir. Borclu izahatında yaranmış aliment borcundan heç bir ödəniş edə bilmədiyini, usta işlədiyini, maddi imkanının yaxşı olmadığını və borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Şəxs uzun müddətdir ki, aliment borcu üzrə ödənişlər etmir, hal-hazırda borclunun 10000 manat borcu var. Borclunun əmlak və gəliri də müəyyən edilməmişdir. Borclunun anası uşaqlara maddi yardım etsə də, bunun alimentə aidiyyətinin olmadığını, oğlunun evdə yaşamadığını və sonuncunun əlindən bezdiyini bildirir. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, hal-hazırda valideynləri ilə birlikdə yaşayır, işləmədiyi üçün icra sənədi üzrə ödənişlər edə bilməmişdir. Təxmini on gündür yeni işə düzəlmiş, iyirmi gün sonra əmək haqqı alacaq və yalnız həmin vaxt qismən ödəniş edə bilər. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu qərəzli olaraq borcunu ödəməkdən yayınır. Borclunun anası uşaq üçün bəzi geyim və əşyalar alır. Lakin, bunu nənə kimi edir, həmin ödənişlərin alimentə heç bir aidiyyəti yoxdur. Belə ki, boclunun anası hər ay uşağın hazırlıq puluna 100 manat kömək edir. Borclunun anası özü də oğlunun əlindən bezib və etdiyi köməyin alimentə aidiyyəti olmadığını bildirir. Göstərilən halların nəzərə alınaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, şəxs maddi imkanı aşağı olduğu üçün ödənişlər həyata keçirməmişdir. Borclunun əməlində qərəz yoxdur. Yeni işə başladığı üçün icra sənədi üzrə ödəniş edəcəyinə söz verir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ənvər Elşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment tutulub iddiaççı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs tələb etdilmiş, əks halda məsuliyyət daşıması ona izah edilmişdir. Qeyd edilən bildirişin üzərində olan qeydlərə əsasən borclu bildirişi rəsmi qaydada imza etməklə almışdır. İş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6469/2021 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Ənvər Elşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, 300 manat sabit pul məbləğində aliment tutulub iddiaççı Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi üzrə borclu tərəfindən ayrı-ayrı vaxtlarada qismən, ümumilikdə 4200 manat ödəniş edilsə də, uzun müddətdir ki, ödənişlər aparılmır və hazırda 10.000 manat aliment borcu mövcuddur. Bundan əlavə borclu icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni hər ay ödəniş həyata keçilməli olan icra sənədi üzrə uzun müddətdir ki, ödənişlər etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 cə 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 iyun 2025-ci il tarixdən saat 15:05-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən saat 15:05-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar