Məhkəmə qərarları › İş №3(060)-1410/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1410/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1410/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21943581 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasıyevin xx.xx.2024-cü il tarixli, EQ 21943581 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Yaşar Budaqov şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 21943581 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Yaşar Budaqov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Renault Kango” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, 34-cü məhəllə, Karvan ticarət mərkəzinin qarşısında saxlamış, orada giriş qadağandır, dayanma-durma qadağandır işarələri olmadığı halda ona cərimə yazılmışdır. Əraziyə yaxınlaşan Polis əməkdaşlarına barəsində qanunsuz olaraq protokol tərtib edilyini dəfələrlə bildirsə də ona məhəl qoyan olmamışdır. Ona baxmayaraq ki, həmin ərazidə şəxsi avtomobillərin girişini, dayanma və durmasını qadağan edən nişanlar yoxdur məhz İcra Hakimiyyəti başıçısının tapşırığı ilə həmin yerdə müvafiq qadağalar tətbiq edilir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, EQ 21943581 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Yaşar Budaqov şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş EQ 21943581 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Yaşar Budaqovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-nin 346.1-ci maddəsinə Dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Qərardan şikayət verən şəxs Yaşay Budaqovun məhkəməyə təqdim etidiyi fotoşəkillərə baxış keçirilərkən həmin ərazidə həqiqətən də giriş qadağandır və ya dayanma və durma qadağandır işarələrinin yerləşdirildiyini müəyyən etmək olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmadan iş materiallarında olan sənədlərlə inzibati xəta hadisəsinin həqiqətən də olub-olmamasını müəyyən etmək qeyri mümkündür. Həmin faktın araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş EQ 21943581 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21943581 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar