Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1411/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt Baş Gömrük İdarəsinin təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00700-00128/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00700-00128/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC tərəfindən xx.xx.2023-cü il tarixli, **********7679 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində QSC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan ümumilikdə 8450,33 AVRO məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 bildirdi ki, müqavilə bağladıqları şirkət Ukraynada yerləşir, onlar malları ixrac etmişlər, sadəcə bu dəfə qarşı tərəf ödənişi icra edə bilməmişdir. Həmin şirkətlə müvafiq danışıqlar aparılmış, bu problemi müharibə şəraiti ilə əlaqələndirmişlər. Buna görə də bu halın fors-major hal kimi qiymətləndirilməsini xahiş edir. Lakin tez zamanda ixrac edilmiş mallar üzrə vəsait ödəniləcəkdir, həmin şirkətlə təmaslar və münasibətlər davam edir. Buna görə də Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin baş vermiş inzibati xətanı Ukraynada gedən müharibə ilə əlaqələndirsə də, bununla bağlı konkret sübutlar təqdim edilmədi. Mallar ixrac olunan dövrdə də Ukraynada eyni vəziyyət olmuş, indi də həmin vəziyyətdir və tərəflərin komersiya münasibətləri davam edir. Ona görə də Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixə aid olan gömrük bəyənnaməsindən görünür ki, Şəxs QSC tərəfindən “qalınlığı 3,5 mm-dən çox, lakin 4,5 mm-dən çox olmayan vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyə qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, termik pardaqlanmış şüşələr və cilalanmış və ya pardaqlanmış səthli şüşələr” Azərbaycan Respublikasından ixrac olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 2535 (iki min beş yüz otuz beş) Avro, 99 (doxsan doqquz) sent (8450,33x30%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1411/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1411/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver