Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1413/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sevinc Əhmədova tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* seriya nömrəli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)- 306/2016 saylı, xx.xx.2016 tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanılması üçün 234 manat alimenti tələbkar X2 ödəməli olduğu halda ödəməmiş, eyni icra sənədini il ərzində təkrarən icra etmədiyi üçün 20.964 manat aliment borcu yaranmış, nəticədə o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Sevinc Əhmədova izahatında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-306/2016 saylı, 19 iyul 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağın saxlanılması üçün cəmi 234 manat məbləğində aliment məbləği tutularaq tələbkar Gülnarə Hacıyevanın xeyrinə ödənilməlidir. Həmin icra sənədi 02 sentyabr 2016-cı ildə icraata qəbul edilmişdir. 2016-cı ildən bu günə qədər borclu tərəfindən ümumi məbləğdən cəmi 4542 manat ödənilmiş, lakin 2025-ci ilin iyun ayı da daxil olmaqla onun 20964 manat məbləğində qalıq borcu qalmışdır. Qeyd edir ki, borclu Şəxs Sumqayıt şəhər məhkəməsinin 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən aliment borcunu ödəmədiyi üçün 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra növbəti 2 ay ərzində borclu tərəfindən cəmi 234 manat ödəniş edilsə də, digər aylar üzrə borcu və qalıq borc yenə də ödənilməmişdir. Hazırda borclu tərəfindən məhkəmə iclası vaxtı bir aylıq yəni 234 manat aliment tələbkara ödənimişdir. Tərtib etdiyi protokolu müdafiə edir və borclu barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilir. Belə ki, tələbkar Gülnarə Hacıyeva ilə 2016-cı ildə rəsmi olaraq boşansalar da daha sonra barışmış, bundan sonra kirayə mənzil tutmuş və 2022-ci ilə qədər birgə həmin ünvanda yaşamışlar. Həmin müddət ərzində evin kirayə haqqını və kommunal ödənişləri özü ödəmiş, birgə təsərüffat aparmışlar. Lakin barışmalarını nəzərə alaraq Gülnarənin bu barədə İcra İdarəsinə ərizə verməli olmasından məlumatı olmamış, nəticədə qəbul etmədiyi bu qədər borcu yaranmışdır. Belə ki, keçmiş arvadı Gülnarə Hacıyeva 2022-ci ilə qədər birgə yaşadıqları üçün heç bir orqana müraciət etməmiş, lakin həmin ildə münasibətləri yenidən korlandığı üçün sonuncu İcra İdarəsinə şikayət etmiş və birgə yaşadıqları dövr üzrə olan aliment borcu daxil olmaqla aylıq aliment borcunu ondan tələb etmişdir. Halbuki qeyd edir ki, həmin müddət ərzində o, ailəsi ilə birlikdə yaşamışdır. Qeyd edir ki, birgə yaşadıqları həmin dövr üzrə aliment borcunun silinməsi üçün məhkəməyə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. 2022-ci ildən sonra tələbkar ondan aliment təlb etməyə başladığından o, da həmin tarixdən bu günədək 4542 manat aliment ödənişi etmişdir. Hal-hazırda ayrı yaşayırlar. Hazırda fəhlə kimi işləyir, borcu tam olaraq ödəmək üçün imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər. Hazrıda məhkəmə iclasında elan edilmiş fasilədən istifadə edərək tələbkara bir aylıq aliment borcunu yəni 234 manat ödəmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar, Zərərçəkmiş şəxs (Hacıyeva) izahatında bildirdi ki, himayəsində 11 və 14 yaşlı iki azyaşlı övladı vardır. “Tamstore” marketdə satıcı kimi işləyir və uşaqları saxlamağa maddi imkanı çatmır. Boşandıqdan sonra uşaqları ilə birgə 4-cü mikrorayon ərazisində kirayə evdə yaşamışdır. Həmin müddət ərzində borclu ailənin saxlanılması ilə maraqlanmamış, evin kirayə haqqını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs dedikləri razılaşmır. Belə ki, 2016-cı ildən 2022-ci ilə qədər olan dövr ərzində keçmiş əri onlara heç bir maddi kömək etməmiş, bütün ehtiyaclarını özü qarşılamışdır. Belə ki, bundan əvvəlki icra məmuru məhkəmə qərarını icra etmədiyi üçün o, həmin məmurdan şikayət etmiş, nəticədə icra sənədinin icrası digər icra məmuruna həvalə edilmişdir. Borclunun hazırda 20964 manat borcunun olduğunu təsdiq edir. Bildirir ki, hazrda məhkəmə iclasında edilmiş fasilə zamanı Şəxs bir aylıq yəni 234 manat aliment borcunu ona ödəmişdir. Yığılmış aliment borcunun tam olaraq ödənilməsini tələb edir, borcludan şikayətçidir. Barəsində protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil borclunun bu günə qədər, eləcə də məhkəmə iclasında borcundan ödəniş etdiyini nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-306/2016 saylı, 19 iyul 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü Orxan və xx.xx.2014-cü il təvəllüdlü Sərxan Hacızadələrin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat olmaqla sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü Sərxan Hacızadəun 3 yaşı tamam olana kimi hər ay 20 manat məbləğində maddi yardım xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub tələbkara verilməlidir. Bildirişdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, borclu Şəxs xx.xx.2025-ci il 16/25 nömrəli əmrlə MMC-lə əmək müqaviləsinə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(028)-848/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs həmin tarixədək yığılmış 20730 manat aliment borcunu ödəmədiyi üçün o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1 maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada yenidən icra etməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcunu ödəmədiyi üçün qanunla müəyyən edilmiş qaydada Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-848/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin sonradan sonuncu yenidən edilmiş xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsindən yayınmış, borcunu yenə də ödəməyərək 20964 manat məbləğində aliment borcu toplanmış, nəticədə bir il ərzində eyni inzibati xətanı təkrarən törətmişdir. Məhkəmə iclasında 234 manat aliment ödəsə də, qalıq borc qalmaqda davam etmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X4 X3 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-1 ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın və borclunun vermiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-cü maddəsinin tələblərinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olduğu andan 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1413/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1413/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver