Məhkəmə qərarları › İş №3(060)-1415/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1415/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1415/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə, Rusiya Federasiyası, Nalçik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, usta işləyən, ortaixtisas təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, şəxs iyun ayının 10-da saat 15:30 radələrində Bulvar küçəsi “Mirvari City” yaşayış kompleksi 27A saylı binanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmişdir. Polis idarəsində şəxsi zamanı onun üzərində 0,353 qram narkotik vasitə olan marixuana aşkar edilmiş, narkotik vasitənin miqdarı az olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Barəsində icraat aparılan şəxs ilk dəfədir narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməldən peşman olduğu üçün məhkəmə tərəfindən tənbeh tətbiqi zamanı bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, iyun ayının 10-da günorta saatlarında iki nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və polis idarəsinə gətirilmişdir. Onun üzərində marixuana olmuşdur. Ona qarşı heç bir təzyiq olmamışdır. Narkotik vasitəni ilk dəfə istifadə etmişdir. İlk dəfədir ki, belə bir əməl etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmiş, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfədir barəsində inzibati protokol tərtib edilməsini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və işdə olan sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qəbulu və üzərində üzərində gəzdirilməsində şübhəli bilinən Şəxs xx.xx.2025-ci il tarixində saat 15:30 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi, Mirvari City yaşayış kompleksi 27A saylı binanın qarşısında saxlanılaraq Pİ-yə gətirilmiş, Pİ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman 0,353 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülmüşdür. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 15:30 radələrində Bulvar küçəsi, Mirvari City yaşayış kompleksi 27 A saylı binanın qarşısında saxlanılaraq Pİ-yə gətirilmiş, üzərində axtarış zamanı 0,353 qram narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3447 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə narkotik vasitə olan marixuana qəbulu faktı aşkarlanmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:30-da Sumqayıt şəhəri, Bulvar küçəsi, Mirvari City yaşayış kompleksi, 27 A saylı binanın qarşısında tutulmuşdur. Şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokola əsasən, Şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdir. Şəxs özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli pul qabının içərisindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində spesifik iyə malik yaşıl rəngli qurudulmuş narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Bundan sonra Şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsung A06 markalı mobil telefon, 1 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi, sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli çantanın içərisindən 07 ədəd müxtəlif markada mobil telefonların və 20 ədəd müxtəlif şəxslərə məxsus müxtəlif bank kartlarının olduğu görülmüşdür. Sorğu zamanı Şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin “nəşə” olduğunu, həmin bitki kütləsini telegram sosial şəbəkəsində əlaqə saxladığı tanımadığı şəxsin kart hesabına 30 manat pul yükləyərək Sumqayıt Şəhərinin Corat qəsəbəsi ərazisində çıxış istiqamətindən götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını, mobil telefonların isə hər birində ayrı-ayrı bank hesablarının olduğunu, çantasından aşkar edilmiş bank kartlarını isə pul nağdlaşdırmaları üçün istifadə etdiyini, həmin bank kartlarının ayrı-ayrı şəxslərə məxsus olduğunu, saxlanılan zaman yanında tanışı rus vətəndaşının olduğunu, həmin şəxsin onun üzərində narkotik vasitə saxladığından məlumatsız olduğunu bildirmişdir. Həmin vaxt Şəxs üzərindən aşkar edilmiş bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci ill tarixli 20/458 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №124” möhür əksi, “Vət.Şəxs üzərindən aşkar edilmiş bir büküm maddə; 1./imza/ Şəxs; 2. /imza/Ə.M; Qablaşdırdı: /imza/ S.Qənbərov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,353 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, xx.xx.2024-cü il tarixdə, saat 15:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə akt, məhkəmə-narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilməsi üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3447 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş kimyəvi ekspertiza təqdqiqatının xərci dövlətə aid edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin xx.xx.2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,333 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar