Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-142/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş, 07 yanvar 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və X5 Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1-006795/2023 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə hüquqi şəxs Şəxs MMC-nin ünvanına gələn mallar 06 dekabr 2023-cü il tarixində **********6131 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsi izahat verməsi üçün Təhqiqat şöbəsinə dəvət edilmişdir. Lakin, nümayəndə izahat verməsi üçün Təhqiqat şöbəsinə gəlməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********6131 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Belə ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasında yerləşən “Strong Enerji Sanayi ve Ticaret Limited” şirkəti tərəfindən UL597LU nömrəli nəgliyyatı vasitəsi ilə göndərilən “Antifrizlər” adlı yük xx.xx.2023-cü il tarixdə, saat 18:57-də “Qırmızı körpü” gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə Şəxs MMC (VÖEN: ********** tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, nümayəndəsi olduğu şirkət Türkiyə Respublikasından antifriz yüklərini xx.xx.2023-cü il tarixində ölkəyə gətirmişdir. Bundan əvvəl yükə dair xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Lakin, yük sərhəddi keçən zaman avtomobil tərəzidə çəkilmiş və normadan artıq yük olduğu müəyyən edilmişdir. Bu səbəbdən onlar məcbur qalaraq yükün bir qismini digər avtomobilə yükləmişlər. Mal gömrük idarəsinə gətirildiyi üçün hər avtomobildə olan yüklə bağlı ayrıayrılıqda gömrük bəyannaməsi tələb edilmiş və onlar həmin bəyannamələri təqdim etmişlər. Lakin, bütün yük üçün bir qısa idxal bəyannaməsi verilib. Yükün ayrı-ayrı avtomobillərə yüklənməsi vəm bunun üçün onlardan ayrı-ayrılıqda gömrük bəyannaməsi tələb edilməsi onların təqsiri deyildir. Qeyd edilənlərə əsasən nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********8040 nömrəli qısa idxal bəyannaməsində Şəxs MMC tərəfindən invoys dəyəri 12452,40 ABŞ dolları olan “antifrizlər” yükü bəyan edilmişdir. xx.xx.2023-cü il tarixli, **********6131 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şəxs MMC-nin ünvanına “antifrizlər, “Strong enerji sanayi ve ticaret limitedşirketi, route lubricants antifreeze blue ” yükü daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, **********6127 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şəxs MMC-nin ünvanına “antifrizlər, “Strong enerji sanayi ve ticaret limitedşirketi, route lubricants antifreeze green ” yükü daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. xx.xx.2023-cü il tarixli, **********8040 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən ölkyə idxal olunacaq “antifrizlər” yükünün yer sayı 1490, ümumi çəkisi 22876 kiloqram göstərilmişdir. Bəyannamənin 42-ci qrafasında yükün invoys dəyəri isə 12452,40 ABŞ dolları göstərilmişdir. xx.xx.2023-cü il tarixli, **********6127 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş “antifrizlər” yükünün yer sayı 1426, ümumi çəkisi 21781,6 kiloqram göstərilmişdir. Bəyannamənin 42-ci qrafasında məhsulun invoys dəyəri 11830,32 ABŞ dolları göstərilmişdir. xx.xx.2023-cü il tarixli, **********6131 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş “antifrizlər” yükünün yer sayı 64, ümumi çəkisi 1094,4 kiloqram göstərilmişdir. Bəyannamənin 42-ci qrafasında məhsulun invoys dəyəri 622,08 ABŞ dolları göstərilmişdir. Şəxs MMC tərəfindən verilmiş qısa idxal bəyannaməsini və gömrük bəyannamələrini qarşılıqlı təhlil etdikdə görünür ki, **********6127 və **********6131 nömrəli gömrük bəyannamələrində bəyan edilən “antifrizlər” yükünün yer sayı, ümumi çəkisi və invoys dəyəri toplandıqda alınan rəqəmlər xx.xx.2023-cü il tarixli, **********8040 nömrəli qısa idxal bəyannaməsində həmin yükün göstərilmiş yer sayı, ümumi çəkisi və invoys dəyərinə bərabər olur. Buradan belə çıxır ki, Şəxs MMC ölkəyə gətirilmiş yük barədə ümumi qısa idxal bəyannaməsi təqdim etmiş, lakin yük gömrük ərazidinə daxil olduqdan sonra həmin yüklə bağlı ayrı-ayrı gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında yükün əvvəlcə bir avtomobildə ölkəyə gətirilməli olduğunu, lakin sərhəddə avtomobilin çəkilməsi zamanı normadan artıq yükləndiyi üçün yükün bir qisminin digər avtomobilə yükləndiyini və gömrük idarəsində hər avtomobildə olan yüklə bağlı ayrıca gömrük bəyannaməsi tələb edildiyini bildirmişdir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir 8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur 8.3). Göründüyü kimi Şəxs MMC xx.xx.2023-cü il tarixində ölkəyə gətirdiyi “antifrizlər” yükü ilə bağlı xx.xx.2023-cü il tarixdə qısa idxal bəyannamsəi vermiş, lakin gömrük ərazisinə mal gətirildikdən sonra ayrı-ayrı avtomobillərə yükləndiyi üçün hər avtomobillə bağlı ayrıca gömrük bəyannamsəi təqdim etmişdir. Yəni şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-142/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-142/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver