Məhkəmə qərarları › İş №3(060)-1420/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1420/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1420/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin nümayəndəsi X2, X1 müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, N saylı hərbi hissənin komandiridir. xx.xx.2025-ci il tarixində hərbi hissənin 2-ci təminat manqasında qazanxana operatoru vəzifəsində işləyən Tağıyev Vəkil İsrail oğlu üzürlü səbəb olmadan işə gəlməmişdir. Hərbi hissənin səlahiyyətli şəxsləri işçi ilə əlaqə saxlamış, buna baxmayarq işçi işə gəlməmişdir. Bununla bağlı da tərəfindən akt tərtib edilmişdir. Hərbi hissə komandiri olaraq və işçinin yaşı nəzərə alınaraq onun tərəfindən humanist addım atılmış, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “a” bəndinə əsasən işdən azad etməmişdir. Onun tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-14- 14/Ə4/2025 nömrəli əmr hazırlanmış, Tağıyev Vəkil İsrail oğlu ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən xitam verilmişdir. Bunun nəticəsində o, Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edəərk və müvafiq qanunları rəhbər tutaraq N saylı hərbi hissənin 2-ci təminat manqasında qazanxana operatoru vəzifəsində işləyən Tağıyev Vəkil İsrail oğlunu işdən azad etmişdir. Göstərilənləri nəzərə alaarq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, N saylı hərbi hissə komandiri X6 tərəfindən verilmiş xx.xx.2025-ci il əmrdə texniki səhvə yol verilərək Tağıyev Vəkil İsrail oğlunun Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və 68-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi qeyd edilmişdir. Hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli əmri ilə texniki səhvə düzəliş edilmiş Tağıyev Vəkil İsrail oğlunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi göstərilmişdir. Bununla bağlı elektron sistemdə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün X5 Xidmətinə də müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş Tağıyev Vəkil İsrail oğlu əmək hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət üzrə X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsidə araşdırma aparılmışdır. Araşdırma zamanı Tağıyev Vəkil İsrail oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 73 və 76-cı maddələrinin tələblərinin pozulması ilə xitam verilməsi müəyyən edilmişdir. Belə ki, hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrlə Tağıyev Vəkil İsrail oğlu Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və 68-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Əvvəla nəzərə almaq lazımdır ki, işçinin iki əsasla işdən azad edilməsini Əmək Məcəlləsi qadağan edir. Əmək müqaviləsinə yalnız bir əsasla xitam verilə bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Tağıyev Vəkil İsrafil oğlunun 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuş, yaşa görə əmək müqaviləsinə xitam həmin tarixdə ola bilərdi. İndiki halda isə bu vatdan xeyli müddət keçdikdən sonra əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilərkən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçiyə bu barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir, əks halda əmək müqaviləsi eyni müddətə uzadılmış hesab edilir. İndiki halda bu prosedura da əməl edilməmişdir. Hazırda qarşı tərəf xx.xx.2025-ci il tarixli əmrdən çıxarış təqdim edərək xx.xx.2025-ci il tarixli əmrdə texniki yanlışlığa yol verilməsini qeyd edir. Qeyd edilən hal texniki yanlışlıq kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2025-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasları və maddələri dəyişdirilmişdir. Bu hallar isə hər hansı xırda məsələ deyil, əsaslı dəyişikliklərdir. Ona görə də bu hallar texniki yanlışlıq kimi qəbul edilə bilməz və həmin məsələlər hüquqi məsələlərdir. Həmçinin elektron sistemdə əvvəlki əmr qalmış və hər hansı düzəliş edilməmişdir. Müvafiq əmr elektron sistemə işə götürən tərəfindən daxil edilir, əmr elektron sistemə daxil edildikdən sonra hər hansı yanlışlıq olarsa bir gün müddətində aradan qaldırıla bilər. Bundan sonra isə hər hansı düzəlişin edilməsi ancaq məhkəmə qərarı əsasında mümkün ola bilər. Qeyd edilən səbəblərdən də müfəttişlikdə araşdırma zamanı işə götürən kimi çıxış edən hərbi hissə komandiri İlkin Gözəlov barəsində İXM-in 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. Hazırda həmin qərarı ləğv edilməsi və dəyişdirilməsi üçün hər hansı əsas yoxdur. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işə götürən N saylı hərbi hissə komandiri ilə Tağıyev Vəkil İsrail oğlu arasında xx.xx.2025-ci il tarixədək, yəni 01 il müddətə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan N saylı hərbi hissə komandiri X3 3-13-14-14/Ə4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən çıxarışdan görünür ki, təminat bölüyünün təminat taqımının 2-ci manqasında qazanxana operatoru vəzifəsində işləyən Tağıyev Vəkil İsrail oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin 1.1-ci bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi) və 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Materillara əlavə edilmiş elektron çıxarışa əsasən həmin əmr elektron qaydada da təsdiqlənmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandiri X3 3-13-14-14/Ə112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 14/Ə4/2025 nömrəli, xx.xx.2025-ci il nömrəli əmrin 4-cü paraqrafında texniki səhvə düzəliş edilmiş, həmin əmrdə Tağıyev Vəkil İsrail oğlunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından görünür ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə N saylı hərbi hissə komandirinin X6 Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 1500 manat məbləğində şərti inzibati cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Tağıyev Vəkil İsrail oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 73 və 76-cı maddələrinin tələbləri pozularaq xitam verilməsi müəyyən edilmişdir. Belə ki, hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrdə Tağıyev Vəkil İsrail oğlunun Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və 68-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Əvvəla nəzərə almaq lazımdır ki, əmək müqviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində göstərilmiş əsaslara və qaydalara uyğun olaraq xitam xitam verilə bilər. İndiki halda Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsi qanunvericliyin tələbinə uyğun olmamışdır. Belə ki, həmin maddə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddini tənzimləyir, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları isə Əmək Məcəlləsinin onuncu fəsli ilə (68-76-cı maddələr) tənzimlənir. Digər tərəfdən əmək müqaviləsinə iki əsasla xitam verilərək Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən əmək müqaviləsinə iki əsasla xitam verilməsi qadağan edilmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilərkən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçiyə bu barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir, əks halda əmək müqaviləsi eyni müddətə uzadılmış hesab edilir. İndiki halda bu prosedura da əməl edilməməklə Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli əmr xx.xx.2025-ci il tarixli əmrdə olan texniki yanlışlığın aradan qaldırılmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2025-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasları və maddələri dəyişdirilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli əmrlə hər hansı texniki yanlışlığın aradan qaldırılması məsələsi deyil, daha əvvəlki əmrin mahiyyətini köklü surətdə dəyişən məsələ həll edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, xx.xx.2025-ci il tarixli əmrlə həll edilmiş məsələlər, elektron sistemdə də bu günə kimi olduğu kimi qalmaqda davam edir. Göründüyü kimi N saylı hərbi hissə komandiri X3 3-13-14-14/Ə4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Tağıyev Vəkil İsrail oğlunun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar