Məhkəmə qərarları › İş №3(060)-1421/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1421/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1421/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Dəniz” restoranının qarşısında YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onları təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə 3-cü PB-nin əməkdaşları və YPX əməkdaşları vətəndaş Şəxs bölməyə təmin etmişlər. Tərtib olunmuş raporta əsasən vətəndaş Şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Dəniz” restoranının qarşısında YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onları təhqir etmişdir. Raport və toplanmış materiallar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, atası ürək əməliyyatı keçirmiş, ona təcili dərman almalı olmuş, buna görə də atasına məxsus avtomobil ilə getməli olmuşdur. Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılan zaman vəziyyəti onlara izah etmiş, yenə də polis əməkdaşları ona avtomobili etibarnaməsiz idarə etdiyi üçün onu buraxa bilməyəcəklərini bildirmişlər. Bu zaman əmisinin İ Qarabağ Müharibəsində şəhid olduğunu, nəşinin bir neçə gündür gətirildiyini, atasının vəziyyətinin pis olduğunu bildirmişdir. Lakin polis əməkdaşları ona şəhidi saymadıqlarını, qanun-qayda olduğunu bildirmişlər. O da buna görə əsəbləşmiş, polis əməkdaşaları şəhidi saymadıqlarını bildirdiyinə görə o da onlara nalayiq ifadə işlətmişdir. Polisə söydüyünə görə peşmandır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı X10 bildirdi ki, Opel markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığından istifadə etmədiyi üçün saxlanılmış, sürücüyə qayda pozuntusu izah olunmuş, sənədləri yoxlanılarkən məlum olmuşdur ki, sürücünün sürücülük hüuququ vardır, lakin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Sürücüyə İXM-nin 96-cı maddəsinin tələbləri pozulduğu bildirilmiş, avtomobilin sahibinin çağırılmasını bildirdikdə sahibinin xəstə olduğunu, gələ bilməyəcəyini demiş, İXM-nin 329.3 və 332.1-ci maddəsi ilə protokol tərtib olunaraq avtomobilin duracağa aparılacağını bildirdikdə sürücü polisin ünvanına kobud şəkildə təhqiramiz ifadələr işlətmişdir. Mübahisə yarandıqdan sonra sürücü qohumunun şəhid olduğunu bildirmiş, onlar tərəfindən heç bir halda heç bir vəziyyətdə şəhid barəsində hər hansı pis fikir söylənə bilməz. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX taqım komandiri, polis kapitanı X5 şahid X6 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan diskdəki videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə onların qanuni tələbinə tabesizlik göstərmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsiri sübuta yetirilsə də, sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq polis qanuni tələbinə tabe olmayaraq maneə yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 01 iyul 2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, 02 iyul 2024-cü il tarixdə azad edilmişdir. Lakin Şəxs məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X7rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar