Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1423/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs Sumqayıt şəhər Probasiya şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4179/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etmir. Nəticədə 1346 manat borcu yaranmışdır. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 4179/2020 saylı icra sənədi və izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4179/2020 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs elektron mobil qurğusunun dəyəri kimi 1346 manat 03 qəpik məbləğində pul vəsaiti alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Borclu icra məmurunun çağırışlarına gəlməkdən qərəzli şəkildə yayınır. Hazırda işinin olmadığını qeyd etməsinə baxmayaraq, izahatında 300 manat əmək haqqı aldığını qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcu ödəməkdən yayınmır. İşi olduqda ödəniş edir, olmadıqda isə edə bilmir. Ailə qurmamışdır. Göstərilən halların nəzərə alınmasını və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hesab edir ki, şərait yaradılacağı təqdirdə borcundan müəyyən məbləğdə ödəniş edə bilər. İcradan yayınması qərəzli deyildir. İşi olmadığına görə ödənişləri edə bilmir. Lakin olduqda ödəniş etmişdir. Dediyinə görə son dönəmlərdə ödəniş etmişdir. Ona görə də təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin nümayəndəsi X3 izahat verərək məbləğin ödənilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4179/2020 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh Şəxs elektron mobil qurğusunun dəyəri kimi 1346 manat 03 qəpik məbləğində pul vəsaitin alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4179/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən 731120 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-578/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə ödənişləri etməmiş, həmçinin icra məmurunun çağrışları üzrə icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Hazırda onun icra sənədi üzrə 1346 manat borcu mövcuddur. Həmçinin icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında hər hansı qaydada razılıq da əldə edilməmiş, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) borcun ödənilməsini tələb edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin daha öncə barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehdən nəticə çıxarmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 iyul 2024-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 6 (altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №3(060)-1423/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1423/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver