Məhkəmə qərarları › İş №3(060)-1429/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1429/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1429/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Həsənova Səməngül Fərman qızının iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 Fərman qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Fərman qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həsənova Səməngül Fərman qızı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş X9 idarəsinin xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı qərarı ilə o, AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Məlumat üçün bildirir ki, VAZ 21093 minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Avtomobil əvvəl həyat yoldaşı X4 mülkiyyətində olmuşdur. Həyat yoldaşı xx.xx.2020-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra həmin avtomobil vərəsəlik qaydasında onun adına keçmişdir. Nəzərə çatdırır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan VAZ 21093 minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən sürülmür. Ümumiyyətlə avtomobil işlək vəziyyətdə deyil. Lakin buna baxmayaraq avtomobilə dair cərimələr tətbiq olunub. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Ona görə də qərar ləğv olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Baş X9 idarəsinin xx.xx.2023-cü il tarixli EQ 14706613 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Həsənova Səməngül Fərman qızı şikayət ərizəsini müdafiə edərək bildirdi ki, avtomobili sonuncu dəfə həyat yoldaşı idarə etmiş, o da 2020-ci ildə ölmüşdür. Həmin tarixdən sonra avtomobili başqa idarə edən olmamışdır, işlək vəziyyətdə deyildir, lakin avtomobilə cərimə yazılmışdır. Avtomobilin texniki baxışdan keçirilməsi barədə məlumatı yoxdur. Oğlu hərbiçidir, avtomobilə cərimə gəlməsi barədə ona məlumat vermiş, o maraqlanmışdır. Məhkəmədən ona yazılmış cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı qərarından görünür ki, Həsənova Səməngül Fərman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından görünür ki, qərardan şikayət vermiş şəxs Həsənova Səməngül Fərman qızının oğlu X5 “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirıiyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 10 oktyabr 2023-cü il tarixdə X1 127581 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Göründüyü kimi qanunun tələbinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi nəqliyyat vasitəsinin istismar olunduğu müddətə şamil olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi vaxt VAZ 21093 minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismar edilməsinə dair hər hansı sübut mövcüd deyildir. İş materiallarına əlavə edilmiş fotoşəkildə nəqliyyat vasitəsinin parklanmış vəziyyətdə olduğu görünür. Belə olan halda şəxs hazırki inzibati xətanın törədilməsində təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həsənova Səməngül Fərman qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həsənova Səməngül Fərman qızının şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EQ 14706613 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar