Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1431/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin vəkili və etibaramə üzrə nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt ŞPİ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5084/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Rüfət Məmmədov izahatında bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5084/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 52308 manat 58 qəpik məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icratına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edərək, bildirişlə birlikdə icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə borcluya şəxsən təqdim edilmişdir. Qeyd edir ki, borclu Sumqayıt ŞPİ-də polis nəfəri işlədiyindən həmin icra sənədi borclunun əmək haqqısından tutulmalar aparılması məqsədilə xx.xx.2025-ci il tarixdə onun iş yerinə göndərilmişdir. Ötən 3 ay ərzində borclunun əmək haqqısından 1153 manat pul tutularaq tələbkarın heabına köçürülmüşdür. Bundn başqa bildirir ki, borclunun ölkədən getmək hüququ məhkəmə qərardadı ilə məhdudlaşdırılmışdır. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən də məhkəmənin qeyd edilən qərarına əsasən onun Zərərçəkmiş şəxs 52308 manat 58 qəpik məbləğində borcu vardır. Hazırda o, həmin borcu nağd şəkildə ödəyə bilmir. Belə ki, Sumqayıt ŞPİ-də polis nəfəri işləyir, icra məmuru tərəfindən həmin borc məbləği onun əmək haqqısına yönəldilmiş, indiyədək ötən 3 ay ərzində əmək haqqısından 1153 manat pul tutulmuşdur. Bildirir ki, sənəd üzərində borc ona məxsus olsa da əslində dayısına məxsus olan borcdur. Buna baxmayaraq o, borcun tez bir vaxtda tələbkara ödənilməsi üçün lazımı tədbirlər görməyə çalışır. Borcun ödənilməsindən yayınmır. Qeyd edilənlərin nəzərə aınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 icra sənədi üzrə borcdan indiyədək cəmi 1153 manat pulun tələbkara ödənildiyini təsdiq edərək, qalıq borcun hissə-hissə ödənilməsinə razı olmadığını pulun tam şəkildə ödənilməsini Şəxs bir daha tələb etmişdir. Qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs bu məsələ ucbatından mənzilini itirmiş, ağır maddi duruma düşmüşdür. Şikayətçidir, pulun tam şəkildə ödənilməsini və borclu barəsində qanumamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5084/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 46445.79 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün 5612.29 manat faiz borcu olmaqla, cəmi 52058.08 manat pul, ödənilmiş 250.50 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs 2(060)-5084/2024-033 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Sumqayıt ŞPİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borc tələbi Şəxs əmək haqqısından hər ay 50% məbləğində tutulmalar aparılması üçün Sumqayıt ŞPİnə göndərilmişdir. Məhkəmə protokol tərtib etmiş icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş şəxsin vəkilinin izahatlarını, protokola əlavə edilmiş və icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətəmişdir. Onun məsuliyyətini istisna edən hər hansı hal məhkəmə iclasında müəyyən edilməmişdir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Belə ki, bugünki günə qədər onun ödənilməmiş 51155,58 manat borcu qalmaqdadır. Məhkəmə hesab edir ki, hazırda tələbin borclunun əmək haqqına yönəldilməsi Şəxs məsuliyyətini istina edən hal kimi qəbul edilə bilməz. Belə ki, zərərçəkmiş şəxsin vəkili borclunun kifayət qədər yüksək məbəğdə borcunun olduğunu bildirərək həmin borcun tam olaraq ödənilməsini tələb etmiş, hissə-hissə ödənilməsinə razı olmamışdır. İş materialında borcun hissə-hissə ödənilməsi barədə qərardadın olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının tam təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Göründüyü kimi, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun, zərəçəkmiş şəxsin vəkilinin vermiş olduğu izahatlar, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, qismən ödəniş etməsini İXM-nin 32.1.1, 32.1.3 və 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanunun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki onun İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil1 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən, məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil1 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1431/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1431/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver