Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1433/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2091271 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 saylı icra sənədi üzrə 1000 manat inzibati cəriməni qərar qanuni qüvvəyə mindiyi vaxtdan 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olanda icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğdə inzibati cərimə edilmişdir. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmiş və xx.xx.2025-ci il tarixdə icra idarəsində verdiyi izahatında ödəniş etməməsinin səbəbi kimi maddi imkanının olmadığını göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəyə qazanc gətirən yeganə şəxsdir. Daimi iş yeri yoxdur. Buna görə də vaxtlı-vaxtında icra sənədi üzrə ödənişlər edə bilmir. Ara-sıra günəmuzd işlərlə məşğul olur və 15-20 manat qazanır, həmin məbləğ isə gündəlik xərclərni güclə ödəyir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğdə inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 295/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğdə inzibati cərimə edilməsinə dair qərar 03 mart 2025-ci ildə qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 295/2025 saylı icra vərəqəsi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Şəxs bildirişi xx.xx.2025-ci il tarixdə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğdə inzibati cərimə edilmişdir. Qeyd edilən qərar 03 mart 2025-ci il tarixdə qüvvəyə minmiş və həmin tarixdə məhkəmə tərəfindən icra vərəqəsi verilmişdir. İcra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə Şəxs tələbin könüllü icrası haqqında bildirişi rəsmi şəkildə qəbul etmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq cərimə ödənilməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 nömrəli qərarının icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130 və 145.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-295/2025 nömrəli qərarının icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1433/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1433/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver