Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1444/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2000-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 4-cü PB-nin sahə rəisi Eldar İbrahimov tərəfindən İXM-nin 206-cı maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:14 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə M.Hüseynzadə adına stadionun yaxınlığında narkotik vasitələrin dövryyəsində şübhəli bilinib saxlanılarkən üzərindən 2,086 qram qurudulmuş marixuana aşkar edilmiş, bu səbəbdən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş 4-cü PB-nin polis sahə rəisi Eldar İbrahimov izahatında bildirmişdir ki, 12 iyun 2025-ci il tarixdə saat 01:14 radələrində vətəndaş Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisndə M.Hüseynzadə adına stadionun yaxınlığında saxlanılmış, sonuncunun üzərində 0,286 qram narkotik vasitə - marixuana aşkar edilmişdir. Bununla bağlı aparılmış araşdırmadan sonra şəxsin İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxsin üzərindən aşkar edilərək götürülmüş 2,086 qram narotik vasitə saxlanc anbarına təhvil verilmişdir. Protokolu müdafiə edir, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunamüvafiq tənbeh növünün tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 1 ilə yaxındır ki, marixuana istifadəçisidir. Narkotik vasitəni ayda bir-iki dəfə olmaqla tanımadığı şəxslərdən əldə etmişdir. Saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu ərazisində tanımadığı şəxsə 50 manat məbləğində ödəniş edərək almışdır. Həmin şəxsin İran İslam Respublikası vətəndaşı olmamışdır. Sumqayıt şəhərinə əsgər yoldaşı ilə görüşmək üçün gəlmişdir. Tanışının yanından ayrılandan sonra M.Hüseynzadə adına stadionun yaxınlığında saxlanılmış, saxlanılan zaman üzərindən marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitədən istifadə etməmişdir. Ekspert rəyi üçün sidik nümunəsi vermiş, rəylə tanış olmuşdur. “WOLT” çatdırılma xidmətində kuryer kimi işləyir, Bakı şəhərində bir dostu ilə bərabər kirayə mənzildə yaşayır. Əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil şəxsin öz təqsirini boynuna almasını və səməmi peşmançılığının nəzərə alınaraq sonuncu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə uyğun olaraq aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 3523 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs KANNOBİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəində dispanser qeydiyyata alınması məsləhət görülür. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertza Məkəzinin Sumqayıt Regional Şöbəsinin 20 468 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət. X2 təqdim etdiyi maddə; İmza: /imza/; Tərtib etdi: 4-cü PB-nin ə K.Osmanov İmza: /imza/” əl yazıları olanzşıfğəki 01 ədəd bükümdə təmiz çəkisi: 2,086 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazlırlanmış narkotik vasitə olan qurudulmuş marixuandır. “İnzibati qaydada tutulma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdə, saat 17:35-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 15:25-də azad edilmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd diskə baxış keçiriən zaman Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı, onun üzərinə şəxsi axtarış keçirildiyi və aşkar edilmiş narkotik maddə-qurudulmuş marixuananın götürülərək qablaşdırıldığı müəyyən edilir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi, eyni zamanda protokol tərtib etmiş sahə rəisini dinləyib, iş materialllarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. Göründüyü kimi hazırki iş üzrə Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marexunanın miqdarı 2.086 qram olduğundan bu miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaratmamışdır. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alır. Odur ki, məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalı, barəsində narkomaniyadan məcburi mülicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla Şəxs qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis idarəsinin saxlanc anbarına təhvil verilmiş Şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,086 qram qurudulmuş marixuana məhv edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1444/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1444/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver