Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1447/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2414/2024 saylı, xx.xx.2025-ci il tarixli, 2(060)-963/2025, xx.xx.2024-cü il tarixli 2(060)-3183/2024 saylı, xx.xx.2024-cü il tarixli 2(060)-1549/2024 saylı icra vərəqələrini üzürlü səbəb olmadan icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Gülmalı Əzizov izahatında bildirdi ki, borclu Şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1549/2024 saylı icra vərəqəsi üzrə cəmi 341.21 manat borc və 30 manat dövlət rüsumu və xx.xx.2024cü il tarixli, 2(060)-2414/2024 saylı icra vərəqəsinə əsasən cəmi 412.36 manat borc və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(060)-963/2025 saylı icra vərəqəsinə əsasən cəmi 412 manat borc "xxxx" MMC-nin xeyrinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 2(060)-3183/2024 saylı icra vərəqəsinə əsasən isə cəmi 1877.65 manat borc və 39.18 manat rüsum "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri bir icraatda birləşdirilmiş və hal-hazırda icraatdadır. Borcluya icra sənədlərinin icra edilməsi ilə bağlı sms bildiriş göndərilmiş, icra sənədlərinin icrasını təmin etmədiyinə görə borclu barəsində Sumqayıt ŞPİ-də axtarış elan edilmişdir. Belə ki, 13 iyun 2025-ci il tarixdə borclu Sumqayıt şəhəri İcra İdarəsinə gəlmişdir. Sonuncunun izahatı alınmış, icraata başlamaq haqında qərar və bildirişlə tanış olmuşdur. Borclu izahatında mobil telefonuna hər hansı sms bildirişin gəlmədiyini bildirmişdir. Borclu borcunu tam şəkildə ödəyə bilmədiyini, hissə-hissə ödəniş edə biləyəcəyini, hal-hazırda işlədiyini və aylıq əmək haqqısının olduğunu bildirsə də, ona borcun icrası ilə bağlı vaxt vermək mümkün olmamışdır. Borclu icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yerinə yetirməmiş, buna görə barəsində İXM-nin 528.1-ci maddəsi uyğun olaraq protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra məmuru Gülmalı Əzizov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırda onda borclu Şəxs məhkəmə qərarlarının mövcudluğu, sonuncunu icraata başlamaq haqqında qərarlarla tanış etməsi barədə hər hansı sübutu yoxdur. Belə ki, o, borclunun mobil nömrəsinə sms bildiriş göndərsə də, məhz hansı nömrəyə və həmin sms-in sonuncuya çatıb-çatmaması barədə onda hər hansı məlumat olmamışdır. Bildirir ki, borclu icra sənədində göstərilən daimi qeydiyyatda ünvanda yaşamamış, bu səbəbdən barəsində axtarış verilmiş, polis əməkdaşları tərəfindən məlumatlandırılmadan sonra borclu bugünki tarixdə İcra İdarəsinə gəlmiş, borcunu ödəmədiyi üçün barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində protokol tərtib edilməsinə əsas olmuş icra sənədlərindən, eləcə də borclardan xəbəri olmamışdır. İstifadə etdiyi mobil nömrəsinə bu barədə sms bildirişi gəlməmişdir. İcra sənədlərindən və müvadiq icraata başlamaq haqqında qərarlardan məhz bu gün məlumatı olmuşdur. Borcun ödənilməsini üçün vaxt istəyir. Bildirir ki, təxminən 10-15 gün ərzində iki icra sənədi üzrə borcunu tam ödəyə bilər. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri olaraq işləyir, aylıq 400 manat məbləğində maaş alır, buna görə də borcun qalan hissəsinin ödənilməsi üçün əmək haqqına yönəldilməsini istəyir. Qeydiyyatda olduğu ünvanda deyil, başqa ünvanda yaşayır. İcra sənədlərindən bu gün xəbər tutmuşdur, borcun ödənilməsindən yayınmayacağını söz verir. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, borclunun icra məmurunun sms bidirişlərindən xəbəri olmamışdır. Sonuncunun qeydiyyat və yaşayış ünvanı Sumqayıt şəhəridir, həmçinin o, Sumqayıtda işləyir. Belə görünür ki, icra məmuru borcun icrası üçün lazımı hərəkətləri etməmişdir. Qeyd olunanların nəzərə alınaraq borcluya ödəniş etməsi üçün vaxt verilməsini və inzibati xəta haqında iş üzrə başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında mövcud olan və məhkəmə icclasında tədqiq edilən sənədlərdən görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2414/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 412.36 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 341,21 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC -yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3183/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 1877,65 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 39,18 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-963/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 284,2 manat ödənilməmiş hissə, 28,8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 37,47 manat ödənilməmiş hissə, 3,53 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 25,86 manat ödənilməmiş hissə, 2,14 manat cərimə olmaqla, ümumilikdə 382 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədləri əsasında icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, icra məmuru borclu Şəxs icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək sonuncu barəsində axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunda həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, borclu Şəxs özü barəsində İcra İdarəsində aparılan icraatdan xəbəri olmamış, yaşayış yeri məlum olmadığı üçün onun barəsində “Borlcunun axtarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, o, bundan məlumat tutan kimi 13 iyun 2025-ci il tarixdə İcra İdarəsinə gəldikdə ona icra sənədlərinin könüllü icrası üçün müddət vermədən barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda inzibati xəta hadisəsi baş verməmişdir və bu səbəbdən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta hadisəsinin baş vermə faktının müəyyən edilməsi xüsusi önəm daşımaqla və bu halın müəyyən olunması zəruridir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarı və tələbin 10 gün müddətinə könüllü icrası barədə bildiriş ya borcluya təqdim edilməmiş və ya bu bərədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bu faktı həm icra məmuru, o cümlədən borclu öz izahatlarında bir daha təsdiq etmişlər. Göründüyü kimi icra məmuru “İcra haqqında” Qanunun tələblərinə riayət etmədən, tələbin 10 gün müddətində könüllü icrası üçün müddət müəyyən etməsinə baxmayaraq həmin müddətin ötməsini gözləmədən əsassız və qanunsuz olaraq İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etmiş, baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməli və yalnız bu müddətlər ötdükdən sonra borclu barəsində qanunamüvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlamalı və bu tədbirlər borcun ödənilməsi üçün kifayət etmədikdə qanunamüvafiq olaraq daha sərt inzibati tədbirlər həyata keçirməlidir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki vəziyyətdə Şəxs qanunla müəyyən edilmiş qaydada tələbin 10 gün müddətinə könüllü icrası üçün müddəti keçirmiş olsaydı və bundan sonra borc tələbini üzrsüz səbəbdən icra etməməklə inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli qəsdən etmiş olsaydı o, inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin indiki halda borcluya bildirişin verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhz inzibati xəta haqında protokolun tərtib edildiyi gün borclunun qərar və bildirişlə tanış edildiyi, nəticədə tələbin 10 gün müddətində könüllü icrası üçün müddətin keçmədiyi müəyyən edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəninin baş verməməsi əsası ilə xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmiş, vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1447/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1447/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver