Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1450/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokol tərtib etmiş orqan Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin X7 şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, “Yumru Körpələr evi-uşaq bağçasının” direktoru Şəxs barəsində Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin X7 şöbəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin X7 şöbəsinin tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin X7 şöbəsinin inspektoru X2 izahatında bildirmişdir ki, "xxxx"nda plan üzrə növbəti yoxlama təyin edilmiş və buna görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə edilmişdir. Çıxarışa əsasən yoxlama xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə etmişdir. Bununla bağlı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində o, şöbənin böyük inspektorları X5 və Musalı Hüseyn Nazim oğlu ünvan 2 ünvanında yerləşən uşaq bağçasına getmişlər və lakin, onlara qapını heç kim açmamış, sonradan bir nəfər şəxs onlara direktor Nargilə xanımın olmadığını bildirmişdir. Həmçinin, izahatında bildirmişdir ki, yoxlamaya dair çıxarışda qeyd edilən VÖEN uşaq bağçasına aiddir. Uşaq bağçasının ünvanı idarədə olan sənədlərdə “ünvan 2” kimi qeyd edilmişdir, ola bilsin ki, həmin ünvana sonradan şəhid Mehrab Niftəliyevin adının verilməsi ilə əlaqədar ünvan dəyişmişdir, lakin, bağça həmin ünvanda yeləşir. Yoxlamaya getmələri və onlara "xxxx"nın qapısının açılmamasını təsdiq edən hər hansı video və ya foto görüntü mövcud deyildir. Protokol tərtib edən orqanın nümayəndəsi protokolu müdafiə etdiyini, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin əməkdaşları tərəfindən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair (VÖEN: **********) onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib olunmasına səbəb kimi ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən, Sumqayıt şəhəri, İstikbal Mebel evinin arxasında yerləşən uşaq bağçasının müdiri tərəfindən plan üzrə Yanğın-Texiki müayinənin aparılmasına şərait yaradılmaması qeyd edilmişdir. O, protokolla razı olmadığını bildirmişdir. Belə ki, "xxxx" MMC (bağça) ********** saylı VÖEN-lə fəaliyyət göstərir, ********** nömrəli VÖEN şəxsən onun fərdi sahibkar kimi özünə məxsusdur və bağça fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, o, SRDYNİ-nin əməkdaşlarının tərtib etdiyi protokolda qeyd olunan ********** nömrəli VÖEN-lə Sumqayıt şəhəri 9-cu mikrorayon və 43-cü məhəllə ərazilərində yerləşən obyektlərdə tədris mərkəzlərində sahibkarlıq fəaliyyətini həyata keçirir. SRDYNİ-nin əməkdaşlarının xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi VÖEN-i qeyd etməsi pozuntudur, həmin VÖEN-nin ********** saylı VÖEN-lə fəaliyyət göstərən bağçaya heç bir aidiyyəti yoxdur, belə ki, Şəxs bağçada direktor olmaqla həm də qanuni təmsilçiliyi həyata keçirir. Belə çıxır ki, əslində protokol başqa bir şəxsin barəsində tərtib edilmişdir. VÖEN-lər arasında yol verilmiş pozuntudan və bağçanın ünvanın da səhv qeyd edilməsindən də görünür ki, protokol formal olaraq tərtib edilmişdir. Belə ki, ünvan olaraq İstikbal mebel evinin arxası, ev 327 qeyd edilmişdir. Halbuki, bağça Corat qəsəbəsi, Mehrab Nifətliyev küçəsi 7A-da yerləşir. Bu da onu göstərir ki, FHN-nin əməkdaşları ümumiyyətlə bağçaya gəlməmişlər. xx.xx.2025-ci il tarixli, 3-18-64/2- B-534-100/SO/2025 nömrəli məktubla xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol bir neçə gün sonra bağçaya gətirilib verilmiş, həmin protokolda guya onun tərəfindən bilinməyən tarixdə imza edilərək surətinin alınması qeyd edilmişdir. Lakin, qətiyyən belə bir hal olmamışdır və protokol nə tərtib edilərkən, nə də ki, heç vaxt müəssisəsinin heç bir əməkdaşına təqdim edilməmiş və imzalanmamışdır. Ümumiyyətlə iş materiallarında SRDYNİ-nin əməkdaşlarının bağçaya gəlmələri və orada yoxlama aparmaq istəmələrini təsdiq edəcək hər hansı sübut yoxdur. Yanğın texniki müayinənin aparılmasına dair tərtib edilmiş 1176 saylı, xx.xx.2025-ci il tarixli qərarda müayinənin aparılacağı müddət xx.xx.2025-xx.xx.2025-ci il tarixlər qeyd edilmişdir. Belə çıxır ki, 3 gün ərzində müayinə aparıla bilərdi və SRDYNİ-nin kifayət qədər müddəti olub ki, bu barədə hər hansı xəbərdarlıq təqdim edə bilsin, lakin, yoxlamanın aparılmasına dair bağçaya hər hansı bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. Görünən odur ki, SRDYNİ-nin əməkdaşları bilinməyən tarixdə, bilinməyən yerdə guya bağçanın vəzifəli şəxslərinin müəssisədə yoxlama aparılmasına şərait yaradılmamasına dair protokol tərtib etmişdir. Lakin, bir daha qeyd edirik ki, həmin tarixlərdə FHN-nin heç bir əməkdaşı bağçaya yaxınlaşmamış, yoxlama aparılmasını bildirməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi və vəkili X6 etirazın məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, "xxxx" MMC-nin qeydiyyata alınmasına dair 2022-ci ildə yeni şəhadətnamə almışlar, şəhadətnamədə də bağçanın Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehrab Niftəliyev küçəsi, ev 7A ünvanında yerləşdiyi qeyd edilmişdir. SRDYNİ-nin əməkdaşlarının qeyd edilən ünvana gəlməsini təsdiq edən hər hansı sübut yoxdur. Bu səbəbdən də Şəxs barəsində İXM-nin 602.4-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, İstikbal mebel evinin arxasında yerləşən uşaq bağçasında plan üzrə Yanğın-Texniki Müayinəsinin keçirilməsinə şərait yaradılmamış, nəticədə vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025ci il tarixli Çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin X7 Xidməti tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində plan üzrə yoxlama həyata keçirilməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X7 Xidmətinin 02 iyun 2025-ci il tarixli 1176 nömrəli qərarından görünür ki, uşaq bağçasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi planlı yoxlama aparılması qərara alınmışdır. Yanğın texniki-müayinə barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası FHN-nın DYNX-nin Sumqayıt Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru X5, SRDYNİ-nin DYNŞ-nın inspektoru daxili xidmət kapitanı X2 və SRDYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət mayoru Musalı Hüseyn Nazim oğlunun iştirakı ilə xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (KY 2********) əsasən ünvan 2 ünvanında yerləşən Uşaq bağçasında planlı YTM-nə keçirilməsi üçün olmuşlar. Uşaq bağçasının müdirəsi Şəxs planlı yanğın texniki müayinə keçirilməsi üçün şərait yaratmamışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş "xxxx" MMC-nin qeydiyyata alınması barədə qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda bağçanın ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehrab Niftəliyev küçəsi, ev 7A və VÖEN isə ********** olaraq qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə icraata xitam verilməlidir. İş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə olunmuş KY252313702 nömrəli çıxarış və “Yanğın-texniki müayinənin aparılması haqqında” 1176 nömrəli qərarda “Yoxlama obyekti” uşaq bağçası ünvan 2 ünvanı, “Yoxlanılan sahibkarın adı” Şəxs (VÖEN: **********) göstərilsə də, məhkəmə iclasında Şəxs müdafiəçisi və nümayəndəsi tərəfindən təqdim edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş "xxxx" MMC-nin qeydiyyata alınması barədə qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışda MMC-nin ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mehrab Niftəliyev küçəsi, ev 7A və VÖEN isə ********** olaraq qeyd edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, yanğın texniki-müayinə barədə Azərbaycan Respublikası FHN-nın DYNX-nin Sumqayıt Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru X5, SRDYNİ-nin DYNŞ-nın inspektoru daxili xidmət kapitanı X2 və SRDYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət mayoru Musalı Hüseyn Nazim oğlunun iştirakı ilə tərtib edilmiş aktdan əlavə iş materiallarında yoxlanılan obyektə gedilməsini və Şəxs tərəfindən yoxlamaya şərait yaradılmamasını təsdiq edən hər hansı sübut (video və ya foto görüntü və ya digər sənəd) məhkəməyə təqdim edilməmiş, protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən belə bir sübutun olmadığı bildirilmişdir. Həmçinin, məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi ünvan 2 ünvanında yerləşən uşaq bağçasına xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində getdiklərini bildirsə də, tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda SRDYNİ-nin DYNŞ-nın əməkdaşlarının yoxlama keçirilməsi ilə bağlı bağçaya getdikləri tarix konkret göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyəti müəyyən edir. Göründüyü kimi, qeyd edilən maddənin dispozisiyasında nəzərdə tutulan “sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma”ya dair inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Sumqayıt Regional X7 İdarəsinin X7 şöbəsinin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2355159 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1450/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1450/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver