Məhkəmə qərarları › İş №3(060)-1452/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1452/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1452/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ev 22, mənzil 50 Ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanın həyətində Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Anası ona otaq vermirdi, lakin ona otaq verərək qalmasına şərait yaratmışdır. Qeyd edir ki, 5 övladı vardır. Bundan əlavə qeyd edir ki, avtobus sürücüsü olaraq işləyir, həyat yoldaşı onun kimi işləyir. Səhər evdən çıxıb axşam evə qayıdırlar. Uşaqlar evdə tək olurlar. Dayısı Zərərçəkmiş şəxs isə evə başqa şəxslərlə içkili vəziyyətdə gəlir və nalayiq ifadələr işlədir. Bu da onun uşaqlarının tərbiyəsi üçün heç də ürəkaçan deyildir. Dayısı Zərərçəkmiş şəxs bacısının evi olan hissəyə keçən zaman qapını arxadan bağlamağı və onu evə buraxmamağı səbəbi ilə səhəri günü Polis Bölməsinə ondan şikayətə getmişdir. Mübahisə bundan ibarət olmuşdur. Heç bir halda dayısına xətər yetirməmişdir. Dayısı sexdə işlədiyindən bədənində cızıqlar vardır. Bundan əlavə həyətdə tut ağacları vardır. Ora çıxıb-düşərkən də bədənində cızıqlar yaranmış ola bilər. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onu qapının ağzında döymüşdür. Belə ki, o tək yaşayır və 64 yaşı vardır. Qulağında zəif eşitmə vardır. Evin yuxarı hissəsindən onu çağıran zaman eşitməmişdir. Daha sonra onun yanına gələrək küt əşyalarla, əlinə keçən nə varsa onunla döymüşdür. Şəxs şikayətçidir, barışmaq fikri yoxdur, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu hal iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin birbirlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X4 Şəxsindən daxil olmuş 804 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində alnın, sağ əlin, sol dizin sıyrıqları xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cı il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxsnun İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar