Məhkəmə qərarları › İş №3(060)-1456/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1456/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1456/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1932/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı Şəxs tərəfindən tam icra edilməmişdir. Qərar üzrə 1050 manat borc qalmışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1932/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat pulun və iş üzrə ödənilmiş 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu şəxs barəsində ötən ilin sentyabr ayında protokol tərtib edilmiş, həmin vaxt borclu borcundan 1000 manat ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra da borclu ödənişlər etmiş, 1050 manat borcu qalmışdır. Hazırda da 300 manat ödəniş edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, imkanı olduqca ödənişlər etmiş, hazırda da 300 manat ödəniş edir. Qalan borcu da az bir zamanda ödəyəcək, borcunu tam şəkildə bağlayacaqdır. Tələbkarla aralarında razılığa gəldiklərindən barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, ötən ilin sentyabr ayında da borclu ona 1000 manat ödəyərək qalan borcu da oktyabr ayında ödəyəcəyinə söz vermiş, lakin sözünə əməl etməmişdir. Hazırda borclu ona borcundan 300 manat ödəniş edir və qalan borcu da iyun ayının 15-nə kimi ödəyəcəyinə söz verir. Buna görə də məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1932/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat pulun və iş üzrə ödənilmiş 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan borclu Şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tələbkar şəxslə razılaşmışlar. Borcundan 300 manat ödəmiş, qalan borcu isə 1 ay yarıma ödəməyi öhdəsinə götürür. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona olan borcundan 300 manat ödənilmişdir. Qalan 750 manat isə iyun ayının 15-nə ödəyəcəyinə söz vermişdir. O, bununla razıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs mütəmadi olaraq ödəniş edərək hazırda da ödəniş etməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, tələbkar və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar