Məhkəmə qərarları › İş №3(060)-1457/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1457/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1457/2024 05.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şamil Şükürovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Naxçıvan MR, Naxçıvan şəh., ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəh., Masazır qəs., fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Novxanı çimərliyi ərazisində X4 məxsus içərisində 93 manat olan pul qabını oğurladığın üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda həmin PB tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri RNM-də test üsulu ilə müayinə zamanı MET(+) qəbulu faktı təsdiq edildiyindən barəsində İXM-nin 206-cı maddəsi ilə həmin tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. AR Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 1-cü PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1457/2024 saylı qərardadı ilə Şəxs barəsində İXM-nin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1456/2024 və 3(060)-1457/2024 №-li işlər bir icraatda 3(060)-1457/2024 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şamil Şükürov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokollar üzrə təqsirli bilərək izahatında göstərdi ki, 03 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, Noxvanı çimərliyi, Gəmiqaya restoranı ərazisində stolların kənarında yerdə pul qabı görmüşdür. Ətrafda olan şəxslərdən pul qabının sahibinin kimliyi ilə maraqlansa da məlumatı olan olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. X1 qarşı şikayəti yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata bu hissədə xitam verilməsini xahiş edir. Bundan başqa bildirir ki, narkotik vasitənin metamfetamin növündən istifadə edir. Pulu olduğu halda özünə narkotik vasitə alır. Sonuncu dəfə təxminən 2 gün öncə narkotik vasitə metamfetamin istifadə etmişdir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizə ilə məhkəməyə müraciət edib əməlindən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, icraata xitam verilməsi barədə verdiyi ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, 03 iyul 2024-cü il tarixdə Sumqayıt şəhəri, Noxvanı çimərliyi, Gəmiqaya restoranı ərazisində istirahət edərkən ona məxsus, içərisində 93 manat pul olan pul qabısı oğurlanmışdır. Hazırda Şəxs tərəfindən ona olan dəymiş ziyan ödənmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Nihad Miriyev ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bu səbəbdən sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Ayxan İsgəndərlinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, A/1576 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10 müayinə olunmuş, MET(+) qəbul etməsi faktı aşkar edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4599 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş və protokolu tərtib etmiş şəxsləri, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şamil Şükürovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, onun narkomaniya xəstəliyindən əzab çəkməsini və təqsirinin dərəcəsini, o cümlədən məhkəmə iclasında müəyyən edilmiş digər halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 20:00-dan hesablanmalıdır. İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, vurulmuş zərərin ona tam olaraq ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, onlar bir-birilə barışmışlar, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu səbəbdən qanunun yuxarıda göstərilən norması rəhbər tutulmaqla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar