Məhkəmə qərarları › İş №3(060)-1461/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1461/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1461/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Ehtiram Rəhimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Ehtiram Rəhimov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Ehtiram Rəhimov şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, saat təqribən 20 radələrində Sumqayıt şəhəri, “Qızılqum qəsəbəsi” adlanan yerdə özümə məxsus “LEXUS LX570” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə evi istiqamətdə hərəkətdə olan zaman arxadan DYP-nə məxsus avtomobil sayrışan işıqlarını yandırmaqla ona “saxla” işərəsi vermiş, həmin vaxt həyat yoldaşı və nəvəsi də avtomobildə olmuşdur. O, əmrə tabe olub avtomobili kənara çəkib saxlamış, yol patrul xidməti inspektrou ona yaxınlaşaraq guya onun hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozduğunu və bu səbəbdən barəsində protokol tərtib edəcəyini bildirmişdir. Polis əməkdaşına ağsaqqal olduğunu, avtomobildə ailəsinin olduğunu, qayda pozmadığını bildirmişdir. Barəsində sassız qərar qəbul ediləcəyi təqdirdə, bu haqda şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşının “hara istəyirsənsə, şikayət edə bilərsən deyib çıxıb getdiyini” bildirmişdir. Bildirir ki, o heç bir yol hərəkəti qaydasını pozmamışdır. 11 iyun 2025-ci il tarixdə Sumqayt Şəhər DYPŞ-nə gedərək barəsində yazılmış protokolu və inzibati qaydada tənbeh edilməsi barədə qərarın surətini almış, həmin qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli biinib 100 manat məbləğində cərimə edildiyini bilmişdir. O, həmin yolda heç bir yol hərəkəti qaydasını pozmamış və barəsində tərtib edilmiş qərar əsassızdır. Qeyd edilən inzibati xətaya səbəb olan heç bir hadisənin törədilməsində o, təqsirkar hesab edilə bilməz və ona görə də barəsində tərtib edilmiş sözügedən qərar ləğv edilməlidir. Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-cı il tarixli, TP ******* saylı inzibati xəta haqda qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət verən Ehtiram Rəhimov şikayətinin məzmununa uyğu izahat vedikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ona pozmuş olduğu qayda pozuntusu ilə bağlı inspektor tərəfindən heç bir görüntü təqdim edilməmişdir. Məhkəmə iclasında işçi qaydasında Sumqayıt ŞPİ DYPŞ-dən əldə edilmiş görütülərə baxış keçrildikdən sonra Ehtiram Rəhimov həqiqətən də qayda pozuntusu törətdiyini etiraf etmiş, təqsirli olmasını boynuna almışdır. Eyni zamanda bildirmişdir ki, inspektor məhkəmənin əldə etdiyi görüntüləri həmin vaxt ona göstərmiş olsaydı, onun həmin qərardan məhkəməyə şikayət verməsinə lüzum qalmayacaqdı, lakin görüntülər ona göstərilmədiyindən şikayət vemək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştriakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin DYPŞ-dən işçi qaydasında əldə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər şəhər kameralarından götürülmüş görüntülərdir. Görüntü günün qaranlıq vaxtı qeydiyyata alınmışdır. Belə ki, “LEXUS LX570” minik markalı, **-DV-*** dövlət nömrə nişanlı, qara rəngli avtomobil nizamlanmayan yol ayrıcına daxil olur, həmin vaxt o, yol ayrıcını keçmə qaydalarını pozmuş, yəni dayanmadan keçməməli olduğu halda, o, sağ tərəfdən yaxınlaşan avtomobilə hərəkəti üçün yol verməli olduğu halda, bunu etmədən yəni yolun tam olaraq boşalmasını gözləmədən hərəkətini davam etdirmişdir. Görüntülərdən görünür ki, “LEXUS LX570 MİNİK” minik markalı avtomobil yolayrıcını keçəndən dərhal, yəni heç bir saniyə keçməmiş sağdan yaxınlaşayan minik avtomobili qayda pozan avtomobilin arxa hissəsindən keçərək yoluna davam edirlər. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayətə əlavə edilmiş və məhkəmə tərəfindən əldə edilmiş sübutu tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı dedikdə yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı dedikdə hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcı başa düşülür. Həmin Qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə Ehtiram Rəhimovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətin əsassız olması qərardan şikayət verən şəxs Ehtiram Rəhimovun məhkəmə iclasında görüntüyə baxdıqdan sonra verdiyi etirafedici izahatı və əldəedilmiş sübutalarla təsdiq edilmişdir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Ehtiram Rəhimovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar