Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1470/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1971-ci ildə Şamaxı şəh., anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Sumqayıt şəh., məh 41, Yat-14 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 15-ci məh., Yat-1, 1-ci mərtəbə, otaq 15 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ- 11669 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1170.19 manat məbləğində borcu üzürsüz səbəbə görə icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova məhkəməyə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-11669 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 1170,19 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 18 avqust 2022-ci il tarixdə icraatına daxil olmuş, icraata başlamaq haqqında qərər qəbul edilərək borcun könüllü icrası barədə bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişi qəbul etməmişdir. Bu səbəbdən borclu ilə telefon əlaqəsi saxlanılmış və 24 may 2023cü il tarixdə saat təxminən 17:00 radələrində icra idarəsində iştirakı təmin edilmişdir. Həmin tarixdə borcluya icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş təqdim edilsə də o, etiraz edərək, aqresiv davranmış və bildirişi və qərarı almadan icra idarəsini tərk etmişdir. Qeyd edilən hallar barədə akt tərtib edilməmişdir. Borclu Şəxs bu gün axtarış nəticəsində icra idarəsinə gəlmiş, onu digər icra məmuru qəbul etmiş və protokol tərtib etmişdir. Qeyd olunan icra qeydindən başqa Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 300 (üç yüz) manat cərimə edilmiş, həmin cərimə bugünki günədək ödənilməmişdir. Elektron icra informasiya sistemində borclunun mülkiyyətində VAZ 21150 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu qeyd edilsədə, həmin avtombil barədə “Borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edilmiş, lakin tələbin həmin avtomobilə yönəldilməsi məqsədilə hər hansı icra tədbiri yəni məhkəməyə borclunun əmlakı üzərinə həbs qoyulması məqsədilə təqdimat verilməmişdir. Borcluya sms bildirişlər göndərilsə də, iş materialına əlavə edilməmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-11669 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin icrası barədə bildiriş borcluya bu gün təqdim edilmişdir. Qeyd olunanlara əsasən protokolun təmin edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 24 may 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsində olmuşdur. İdarədə ona bir neçə sənədə imza atmağı təklif olunsa da, o yazıb oxuya bilmədiyi üçün heç bir sənədə imza atmamışdır. Onun mülkiyyətində avtomobil olmuş, 2023-cü ilin qış aylarında həmin avtomobili 2500 manata tanımadığı şəxsə etibarnamə əsasında satmışdır. O, 04 noyabr 2022-ci il tarixli məhkəmənin müvafiq qərarı ilə 300 (üç yüz) manat cərimə edilmişdir. Digər icra qeydi ilə bağlı isə heç bir məlumatı yoxdur. İcra məmuru tərəfindən Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ- 11669 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin mövcudluğu ona bugün məlum olmuşdur. Onun heç bir borcu yoxdur. O, işləmir, həyat yoldaşı 1-ci Qarabağ müharibəsi zamanı 1994-cü ildə şəhid olmuşdur. Hazırda 2 oğlu və 1 qız övladı ilə birlikdə yaşayır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Elektron icra İnformasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs mülkiyyətində VAZ 21150 minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil var. İş materiallarında tələbin könüllü icra edilməsinə dair xx.xx.2022-ci il tarixli “Bildirişin” icra məmuru tərəfindən borcluya hansı tarixdə təqdim edilməsini təsdiq edən heç bir qeyd mövcud deyildir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri icra hərəkətləri həyata keçirilməmiş, eyni zamanda Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-11669 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi bildiriş borclu Şəxs təqdim edilmədən, tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 10 gün müddət gözlənilmədən borclu barəsində protokol tərtib edilmişdir. Borclu həm icra idarəsində, həm də məhkəmədə verdiyi izahatında icra sənədindən məlumatının olmadığını bildirmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi və ya borcun ödənilməməsi ilə bağlı heç bir üzrsüz hal nümayiş etdirilməmişdir. Bundan başqa borclunun mülkiyyətində əmlak olduğu halda tələbin həmin əmlaka yönəldilməsi istiqamətində icra məmuru tərəfindən zəruri hərəkətlər edilməmişdir. Belə ki, tələbin borclu tərəfindən ödənilməsi üçün icra məmuru tərəfindən “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən, o cümlədən qanunun tələbi nəzərə alınmadan əsassız olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “İcra haqqında” AR qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla,icraata başlanıldığı vaxtdan ən çoxu on günmüddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Həmin Qanunun 43.1.1-ci maddəsində qeyd olunan ilkin məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi icra hərəkətidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göründüyü kimi, icra məmuru tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar təqdim edilmədən, borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması, onu satması yolu ilə tələbin əmlaka yönəldilməsi məqsədilə hər hansı tədbir görmədən, faktiki olaraq yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlakın olub-olmasını müəyyən etmədən inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmuru tərəfindən nə tərtib edilmiş protokolda nə də məhkəmə iclasında borclunun üzrsüz səbəbdən icra sənədini icra etməməsi halları sübuta yetirilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Şəxs öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2. bu hərəkətlərin zərəli nəticələrini qabaqcadan görməsi. 3. bu nəticələri arzu etməsi 4. belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Lakin borclu tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Belə ki, Şəxs həm İcra İdarəsində həm də məhkəmə iclasında vermiş olduğu izahatlarında icra sənədindən heç bir məlumatının olmadığını bildirmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1470/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1470/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver