Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1474/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Ermənistan Resublikasının Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 iyul 2024cü il tarixli MN1746618 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 7-E-19116 saylı icra qeydini üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 7-E- 19116 saylı icra qeydinə əsasən Şəxs X3 xeyrinə 4510 manat məbləğində pul tutulmalıdır. Qeyd edilən icra sənədi üzrə xx.xx.2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. İcra sənədinin icraatda olduğu 09 ilə yaxın müddət ərzində borclunun dəfələrlə izahatı alınmış və borcu ödəməsi tələb edilmişdir. Borclu hər dəfə izahatında qısa müdddətə ödəniş edəcəyini bildirsə də, ödənişləri tam etməmiş və bu səbəbdən də hazırda 2300 manat borc mövcuddur. Borclu sonucu dəfə bu ilin fevral ayında axtarış qərarı əsasında icra idarəsinə gətirilmiş və həmin vaxt iltizam yazmışdır ki, borcu qısa müddətə ödəyəcək. Lakin, bundan sonra vədinə əməl etməyərək ödəniş etməmiş və icra idarəsinə gəlməkdən də yayınmışdır. Bu səbəbdən də onun barəsində axtarış elan edilmiş və bu gün axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Borclunun adına yalnız bir nəqliyyat vasitəsi var, onu da faktiki olaraq özgəninkiləşdirmişdir. Borclunun hər hansı qiymətli əşyası və ya gəlirləri də müəyyən edilməmişdir. Hazırda borclu yalnız 300 manat ödəniş edə biləcəyini bildirir, tələbkar isə bununla razı deyil və borclu barəsində ciddi tədbirlər görülməsini tələb edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, icra tələbini icra etməkdən qərəzli olaraq boyun qaçırmır, maddi vəziyyəti ilə əlaqədar ödənişləri tam edə bilməmişdir. Hazırda 300 manat ödəniş edə bilər, qalan borcu isə hissə-hissə ödəməyə söz verir. İcra idarəsinə gəlməmə səbəbi isə verdiyi vədə əməl edə bilməyib ödəniş edə bilməməsi olmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, borcun ödənilməməsi onun maddi vəziyyəti ilə bağlıdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 7-E-19116 saylı icra qeydindən görünür ki, Şəxs X3 xeyrinə 4510 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 02 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 7-E-19116 saylı icra qeydinə əsasən Şəxs X3 xeyrinə 4510 manat məbləğində pul tutulmalıdır. Borclu Şəxs icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, icra sənədinin verildiyi 09 ilə yaxın müddət ərzində 4.510 manat borcdan 2210 manat ödəniş etmiş, 2.300 manat borcu isə bu günədək ödəməmişdir. Həmçinin icradan yayındığı üçün dəfələrlə barəsində axtarış elan edilmiş, bir dəfə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü ildə barəsində axtarış elan edilmiş və həmin qərar əsasında bu gün tapılaraq icra idarəsinə təhvil verilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədi üzrə ödənişləri tam etməməsi və icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 iyul 2024-cü il tarixdən, saat 12:50-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 iyul 2024-cü il tarixdən saat 12:50dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1474/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1474/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver