Məhkəmə qərarları › İş №3(060)-1475/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1475/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1475/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhər 20 Yanvar-Nizami küçələrinin kəsişməsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 bildirdi ki, raport əsasında protokol tərtib etmişdir Raportda qeyd olunmuşdur ki, Şəxs küçə ticarəti ilə məşğul olur, polis əməkdaşları tərəfindən ona bu fəaliyyətlə məşğul olmaması bildirilsə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, alver etməklə məşğuldur. Hər gün 20 manat yer pulu verir. Alver olmadığından üç gündür ki, pul verə bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq heç bir söz demədən onu avtomobilə əyləşdirib bölməyə gətirmişlər. Himayəsində 4 uşağı vardır. Kiçik övladının 7 yaşı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, şəxsin əməlində inzibati xəta yoxdur. Ona qarşı polis heç bir qanuni tələb irəli sürməyib. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis serjantı X3 bildirdi ki, vətəndaş piyada keçidinin üzərində qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmuş, ondan küçə ticarətini yığışdırmasını tələb etdikdə o, meyvələrin xarab olacağını, sabah yığışdıracağını bildirmiş, onu polis bölməsinə dəvət etmişlər, o da gəlməmişdir. Buna gör də onu avtopatrula əyləşdirərək bölməyə aparmışlar. Məhkəmə iclasında şahid Sumqayit ŞPİ-nin PPXT polis nəfəri-sürücü, polis serjantı X8 bildirdi ki, şəxsin küçə ticarəti ilə məşğul olması ilə bağlı rəhbərliyin göstərişinə əsasən həmin əraziyə getmişlər. Şəxs yolu bağlayaraq küçə ticarəti ilə məşğul olurdu. Ona küçə ticarətini yığışdırmasını və bölməyə gəlməsini bildirdikdə o, sabah yığışdırıb bölməyə gedəcəyini bildirmiş, ona görə də onu məcbur bölməyə gətirmişlər. Həmin ərazidə bu şəxsdən başqa da küçə ticarəti ilə məşğul olan şəxs olmuş, lakin bu şəxsin meyvələri çox olduğundan yolu kəsmiş, meyvələri də polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid Sumqayit ŞPİ-nin PPXT polis nəfəri, polis serjantı X6 bildirdi ki, şəxs səkidə dayanıb küçə ticarəti ilə məşğul olurdu. Ona yaxınlaşıb meyvələri yığışdırmasını bildirmişlər, lakin o, yığışdırmamış, bu zaman onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə getməkdən də imtina etmişdir. Buna görə də həmin şəxsi məcburi qaydada bölməyə aparmışlar. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş raportlardan görünür ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından göründüyü kimi Şəxs faktiki olaraq 07 iyun 2023-cü il tarixdə saat 12:30 radələrində inzibati qaydada tutulmuş, məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən ona cəza təyin edilərkən həmin müddət nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşıH.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı) Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar