Məhkəmə qərarları › İş №3(060)-1477/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1477/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1477/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, qərardan şikayət vermiş şəxs- X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 79214 saylı aktının etibarsız hesab edilməklə, xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X6 şikayətində göstərmişdir ki, xx.xx.20223-cü il tarixdə AR ETSN-nin 4 saylı Regional ETSİ-nin əməkdaşları icarəçisi olduğu, Sumqayıt şəhər, Azərbaycan prospekti, 193 ünvanda yerləşən “Buxara” restoranına gələrək, obyektdə toz və qaz tutucu qurğunun olub-olmaması və atmosferə buraxılan zərərli qazların səviyyəsini yoxlamalı olduqlarını demişlər. O, yoxlamaya gələn şəxslərə bildirmişdir ki, bu obyektdə ondan əvvəlki icarəçi və sahibi tərəfindən həmin qurğu qurulub, bu barədə rəsmi sənədlər var və bu barədə öz Nazirliklərinin tərtib etdikləri xx.xx.2020-ci il tarixli Akt da var. Həmin aktı onlara təqdim etməsinə baxmayaraq, onlar kənardan duraraq guya ölçü işləri aparmışlar və akt tərtib etdilər ki, guya onların obyekində təmizləyici qurğu quraşdırılmamışdır. O, buna etiraz edərək bildirmişdir ki, obyektdə təmizləyici qurğu var, çıxıb baxsalar bunu görəcəklər. Lakin onlar obyektə çıxmadan və qurğunun olub-olmamasını yoxlamadan bu aktı tərtib etdikləri üçün o, aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra həmin akt əsasında inzibati protokol tərtib edilmiş və bunun müzakirəsi üçün onu idarəyə dəvət etmişdirlər. O, idarəyə də gedərək qurğunun quraşdırılması barədə müqaviləni göstərmiş və orda da təklif etmişdir ki, gedib obyektdə yoxlama keçirib həqiqətən də qurğunun quraşdırılmasına şahid olsunlar. Lakin idarənin rəhbərliyi bundan imtina etmiş və inzibati qərar qəbul edərək onu 2500 manat cərimə etmişdir. Ona görə də o, bu qərarla razılaşmayaraq şikayətklə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 19 iyun 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs X6 şikayətiniə uyğun izahat verərək bildirdi ki, xx.xx.20223-cü il tarixdə AR ETSN-nin 4 saylı Regional ETSİ-nin əməkdaşları icarəçisi olduğu, Sumqayıt şəhər, Azərbaycan prospekti, 193 ünvanda yerləşən “Buxara” restoranına gələrək, obyektdə toz və qaz tutucu qurğunun olub-olmaması və atmosferə buraxılan zərərli qazların səviyyəsini yoxlamalı olduqlarını demişlər. O, yoxlamaya gələn şəxslərə bildirmişdir ki, bu obyektdə ondan əvvəlki icarəçi və sahibi tərəfindən həmin qurğu qurulub, bu barədə rəsmi sənədlər var, lakin qeyd olunan qurğu yoxlamadan 3-4 gün öncə nasazlıq səbəbindən xarab olmuş, işləməmişdir. Həmin qurğunun Respublikada satışı mövcud olmadığından həmin təmizləyici qurğunun xarab olan hissəsini xaricdən sifariş vermiş və ona sifarişinin 15-20 gün müddətinə Respublikaya daxil olacağını bildirmişlər. Hazırda qurğu işlək vəziyyətdədir. Buna görə də xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə “Buxara” restoranında aparılan monitorinq ölçmə zamanı tüstü bacasından atmosferə atılan zəhərli maddələrin miqdarı yolverilən norma həddindən artıq olması və tüstü bacasında zəhərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğunun işləməməsi müəyyən olunmuşdur. Qeyd olunan işin hallarını təsdiq edən foto şəkilləri məhkəməyə təqdim edərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Nümayəndə onu da bildirdi ki, inzibati xəta haqqında protokol İXM-nin 233.1 və 237.1-ci maddələri ilə tərtib olunsa da, inzibati tənbeh qərarı yalnız İXM-nin 233.1-ci maddəsi ilə verilmişdir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə “Buxara” restoranında aparılan monitorinq ölçmə zamanı tüstü bacasından atmosferə atılan zəhərli maddələrin miqdarı yolverilən norma həddindən artıq olması və tüstü bacasında zəhərli maddələrin tutulub zərərləşdirilməsi üçün təmizləyici qurğunun qurlaşdırılmamasına görə İXM-nin 233.1 və 237.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-nin 233.1-ci maddəsi ilə 2.500,00 manat məbləğində iznibati cərimə olunmuşdur. İş materialında olan foto şəkillərdən görünür ki, “Buxara” restoranının nümayəndəsi X5 iştirakı ilə monitorrinq keçirilmiş, atmosferə atılan zərərli qazların miqdarını müəyyənləşdirmək üçün səyyar cihaz ANKAT – 64M3-03 vasitəsilə ölçmə aparılmış, ölçmə nəticələrinə əsasən CO(dəm qazı)-7,5 mq/m3 (norma 5 mq/m3) müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı şikayətçi X6 özü izahatında bildirdi ki, yoxlamadan 3-4 gün əvvəl obyektdəki təmizləyici qurğu işləməmişdir. Şikayətçinin obyektdə təmizləyici qurğunun mövcudluğuna dair izahatına münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol İXM-nin 233.1 və 237.1-ci maddələri ilə tərtib olunsa da, inzibati tənbeh qərarı yalnız İXM-nin 233.1-ci maddəsi ilə verilmişdir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkillərdən müəyyən olundu ki, “Buxara” restoranından atmosferə atılan zərərli qazların miqdarını müəyyənləşdirmək üçün səyyar cihaz ANKAT – 64M3-03 vasitəsilə ölçmə aparılmış, ölçmə nəticələrinə əsasən CO(dəm qazı)-7,5 mq/m3 (norma 5 mq/m3) müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X5 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar