Məhkəmə qərarları › İş №3(060)-1494/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1494/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1494/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X2 iştirakı ilə, xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 03 iyun 2022-ci il tarixdə vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsininnin 2(060)-8987/2021 saylı, 14.12.2021-ci il tarixli icra sənədi borclu Şəxs oğlu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir və həmin icra sənədi üzrə borclunun 2700 (iki min yeddi yüz) manat borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsininnin 2(060)-8987/2021 saylı, 14.12.2021-ci il tarixli icra sənədinə əsasən 2700 (iki min yeddiz yüz) manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumu cavabdehlər X5 və Şəxs müştərək qaydada tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin borclu üzrsüz səbəbdən icra edilməmişdir və həmin icra sənədi üzrə borclunun 2700 (iki min yeddi yüz) manat borcu yaranmışdır. İcra sənədi üzrə borclunun rəsmi iş yeri aşkar olunmuş və əməkhaqqıdan tutulma yönəldilsə də, həmin yerdən 16.03.2022-ci il tarixdə azad olunduğu müəyyən edilmişdir. Borcluya 15-20 gün əvvəl şifahi olaraq məlumat verilərək idarəyə dəvət edilmiş, icra sənədi ilə tanış edilmiş, lakin rəsmi qaydada bildirişə imza etdirməmiş, daha sonra rəsmi qaydada izahatı alınmış və tələbkar şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, həqiqətən də, Sumqayıt şəhər Məhkəməsininnin 2(060)-8987/2021 saylı, 14.12.2021-ci il tarixli icra sənədinə əsasən 2700 (iki min yeddiz yüz) manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumunun cavabdehlər X5 və ondan müştərək qaydada tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin, ona icra ilə bağlı şifahi məlumat 10-15 gün əvvəl verilmiş, inzibati xəta ilə bağlı icra məmuru onun izahatını da protokol tərtib edildiyi gün, yəni 03 iyun 2022-ci il tarixdə almışdır. O, qərəzli olaraq məhkəmə sənədinin icrasından boyun qaçırmamışdır. Ona görə də hazırda barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır, borcu üzrə ödəniş etməkdən də imtina etmir. Əgər ona vaxt verilərsə, kredit götürüb tələbkara olan borcunu ödəyə bilər. Odur ki barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən icra sənədi üzrə tələbkar X6 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsininnin 2(060)-8987/2021 saylı, 14.12.2021-ci il tarixli icra sənədinə əsasən 2700 (iki min yeddiz yüz) manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumu cavabdehlər X5 və Şəxs müştərək qaydada tutularaq ona verilməsi qət edilmişdir. Lakin borclu öz borcunu ödəməkdən qərəzli olaraq yayınır, bu isə ona maddi çətinliklər yaradır. Belə ki, onun himayəsində xəstəsi vardır və onun müalicə xərcləri ilə əlaqədar olaraq onun maddi çətinliyi vardır, cavabdehin borcunu qaytarmaması onun maddi vəziyyətini daha da pisləşdirir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, müdafiəçilərin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmədə verilən izahatlardan və iş materiallarından aydın olur ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə borclunun 16.03.2022-ci il tarixdə işdən azad olunması barədə məlumat verilmiş, borclu Şəxs icra sənədəi üzrə könüllü ödəniş edilməsi barədə rəsmi qaydada təqdim edilməmiş, 2022-ci ilin may ayının ortalarında borclu şifahi məlmatlandırılmış, 03.06.2022-ci il tarixdə ondan izahat alınmışdır. Borcluya tələbin könüllü icrası ilə bağlı hər hansı bildiriş göndərilməsi öz əksini tapmamışdır. Göründüyü kimi Şəxs icra sənədlərinin icrası ilə bağlı rəsmi məlumat ondan izahat alınan gün verilmiş və həmin tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da sonuncunun qərəzli olaraq icra sənədini icra etməmək kimi bir niyyətinin olması və onun əməlində inzibati xəta tərkibinin olduğuna dəlalət etmir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun Kapitalbank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar