Məhkəmə qərarları › İş №3(060)-1499/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1499/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1499/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit şəhər Pİ-nin DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.5-ci maddəsinə əsasən olduğu inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi protokolda göstərilməlidir. Lakin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək Şəxs barəsində tərtib olunmuş protokolda sonuncunun təqsirləndirildiyi Maddə “333-1” kimi qeyd olunmuşdur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyətə səbəb olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsi 05 (beş) hissədən ibarətdir. Hazırda tərtib edilmiş protokolda isə Şəxs İXM-nin 333-1-ci maddəsinin hansı hissəsi ilə təqsirləndirilməsi dəqiq göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3cü maddələri). Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsinə geri qaytarılsın. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar