Məhkəmə qərarları › İş №3(060)-1503/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1503/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1503/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş vəzifəli şəxs X1 iştirakı ilə, Vəzifəli şəxs X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X1 “Dent House” stomatoloji kabinetində lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) göstərməsi faktı olmuşdur. Həmin qərardan narazı qalan vəzifəli şəxs X3 şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilib, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəzifəli şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhəri, 36-cı məhəllə 7/11 ünvanında yerləşən “Dent House” stomatoloji kabinet yaradıb orada tibbi fəaliyyətlə məşğul olmaq qərarına gəlmişdir. 15 may 2023-cü il tarixdə Səhiyyə Nazirliyinin əməkdaşları o kabinetdə olarkən stomatoloji kabinetə daxil olmuşlar. O həmin gün və həmin an heç bir tibbi xidmət göstərməmişdir. Sadəcə təmir işlərini həyata keçirmək üçün xidmət göstərmişdir, xəstə qəbul etməmişdir. Səhiyyə Nazirliyinin əməkdaşları ona sadəcə baxış keçirdiklərini, heç bir ciddi problemin olmadığını bildirmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, bununla bağlı barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Özünü həmin xətanın törədilməsində təqsirli bilmir. Belə ki, o tibb fəaliyyəti ilə məşğul olmamışdır. Səhiyyə Nazirliyini əməkdaşları kabinetə daxil olarkən kabinetdə xəstə olmamışdır. Belə olan halda onun lisenziyası olmadan özəl tibbi stomatoloji fəaliyyətlə məşğul olması barədə protokol tərtib olunmağı absurddur. Buna görə də hesab edir ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, həmin vaxt kabinetdə təmir işləri ilə məşğul olmuşdur, həmin vaxt Səhiyyə Nazirliyinin əməkdaşları içəri girmişlər. Onlar ona protokol tərtib etməyəcəklərini, akt yazmayacaqlarını bildirmişlər. Lakin bir həftədən sonra ona məlum olmuşdur ki, onu Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə etmişlər. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 337 saylı, xx.xx.2023-cü il tarixli aktdan, fotoşəkillərdən və digər sənədlərdən görünür ki, “Dent House” stomatoloji kabinetində aparılmış yoxlamalar zamanı X1 lisenziya olmadan özəl tibb fəaliyyəti (stomatoloji) göstərilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. “Dent House” stomatolji kabinetində aparılan yoxlamalar zamanı X1 lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi aşkar olunmuşdur, bu həmin stomatoloji kabinetdə çəkilmiş fotoşəkillərlə də sübut olunur. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Şikayətçinin özünün göstərdiyi hallar da inzibati xəta hadisəsinin baş verməsini təsdiq edir. Məhkəmə tərəfindən şikayətdə göstərilən bütün hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs X1 şikayəti təmin edilməsin. Vəzifəli şəxs X1 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar