Məhkəmə qərarları › İş №3(060)-1503/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1503/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1503/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, xx.xx.1999-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında 12 iyun 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin YPX inspektoru Emin Bərxudarov izahatında göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə Şəxs “Topaş Şahin” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sahil küçəsində uzaq vuran işıqdan istifadə etmək idarə etdiyinə görə saxlanılmış, saxlanılan zaman alkotestr müayinəsi zamanı sürücünün spirtli içki içdiyi müəyyən edilmişdir. Sürücü alkotestr nəticəsi ilə razılaşmış və ad günü olduğu üçün içki qəbul etdiyini etiraf etmişdir. Bu səbəbdən də onun həkim müayinəsinə aparılmasına zərurət qalmamışdır. Hadisə zamanı YPX avtomobilində quraşdırılmış avadanlıqlarla Şəxs alkotestr nəticəsi ilə razı olması qeydə alınmışdır, bu barədə səs və video görüntüləri təqdim edə bilər. Göstərilən halları nəzərə alaraq sürücü barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 11 iyun 2024-cü ildə onun ad günüdür, bununla bağlı Sumqayıt şəhərində dostları ilə birlikdə axşam tərəfi yemək yemişlər. O ibadətlə məşğul olan şəxs kimi heç vaxt içki içmir və həmin vaxt da içki içəmişdir. Kafedən çıxdıqları üçün polis əməkdaşları heç bir əsas olmadan onları saxlamış və onun içkili olması ilə bağlı şübhələrinin olmasını bildirmişlər. Bununla bağlı onu alkotestrlə müayinə etmişlər və nəticəyə əsasən guya o içki qəbul etmişdir. O, alkotestrin nəticəsinə etiraz edərək içki qəbul etmədiyini bildirmişdir. Həmin nəticə ilə razı olmadığını inzibati xəta haqqında protokolda da qeyd etmişdir. Lakin, polis əməkdaşları onu tibbi müayinəyə cəlb etmədən barəsində əsasssız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. İnzibati xəta haqqında protokolda olan qeydi bir daha təsdiq edir ki, o həmin vaxt nəticə ilə razı olmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin YPX inspektoru X1 izahatında göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə Şəxs “Topaş Şahin” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sahil küçəsində uzaq vuran işıqdan istifadə etmək idarə etdiyinə görə saxlanılmış, saxlanılan zaman alkotestr müayinəsi zamanı sürücünün spirtli içki içdiyi müəyyən edilmişdir. Sürücü alkotestr nəticəsi ilə razılaşmış və ad günü olduğu üçün içki qəbul etdiyini etiraf etmişdir. Bu səbəbdən də onun həkim müayinəsinə aparılmasına zərurət qalmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdııb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi lazımi qaydada sübuta yetirilmədiyi üçün onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 iyun 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2024-cü il tarixdə Şəxs “Topaş şahin” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sahil küçəsində uzaq vuran işıqdan istifadə etmək idarə etdiyinə görə saxlanılmış, saxlanılan zaman alkotestr müayinəsi zamanı sürücünün spirtli içki içdiyi müəyyən edilmişdir. Həmin protokolun üzərində olan qeydlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolla razı olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş alkotestr nəticəsindən görünür ki, 12 iyun 2024-cü il tarixdə saat 00:25-də Şəxs 1,707 promilli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasətin nəticəsi iş üzrə şəxsin təqsirliliyini sübut edən yetərli sübut hesab edilə bilməz. Belə ki, hazırki işin hallarından görünür ki, Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamış və bu barədə inzibati xəta haqqında protokolda öz qeydlərini apararaq protokolla razı olmadığını bildirmişdir. Protokol tərtib etmiş şəxs isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin vaxt xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, 15 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin YPX inspektoru Emin Bərxudarov hadisə zamanı YPX avtomobilində quraşdırılmış avadanlıqlarla Şəxs alkotestr nəticəsi ilə razı olmasının qeydə alındığını, bu barədə səs və video görüntüləri təqdim edə biləcəyini qeyd etmiş, bu səbəbdən də məhkəmə iclası 19 avqust 2024-cü il tarixə təxirə salınmışdır. Lakin, həmin tarixdə olan məhkəmə iclasında YPX inspektoru Emin Bərxudarov iştirak etməmiş və ya qeyd etdiyi hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İndiki halda şəxsin sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi ilə razılaşmasını təsdiq edən sübut yoxdur, əksinə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeydləri onun nəticə ilə razılaşmadığnı təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar