Məhkəmə qərarları › İş №3(060)-1510/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1510/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1510/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Hüseynzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Ağsu ray., Göydəlləkli kəndində anadan olmuş, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ 1-ci Polis Bölməsində səs-küy salaraq bölmənin iş rejimini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Hüseynzadə məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvanda həyat yoldaşı Şəxs tərəfindən döyülməsi ilə bağlı DİN-nin “102” qaynar xəttinə etdiyi şikayət əsasında sonuncu Sumqayıt ŞPİ 1-ci PB-ə dəvət edilmiş, orada özünün və həyat yoldaşının iştirakı ilə araşdırma aparılarkən özünü qeyri-səmimi aparmış, ucadan nalayiq ifadələr işlədərək bölmənin iş rejimini pozmuşdur. Araşdırılma aparılması məqsədi ilə Şəxs 08 iyun 2023-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş, 09 iyun 2023-cü il tarixdə saat 16:00-da azad edilərək, barəsində tərtib edilmiş protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə gətirilmişdir. Baş vermiş hadisə ciddi olmasa da, qeyd olunan halların bir daha təkrarlanmaması üçün qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, 08 iyun 2023-cü il tarixdə 1-ci polis bölməsində həyat yoldaşı Vəfa Səfərova ilə birlikdə təhqiqatçının otağında olan zaman ona həyat yoldaşının ondan şikayət etdiyi məlum olmuşdur. O, şikayət ərizəsi ilə tanış olduqdan sonra hər bir xırda hala görə nədən polisə şikayət etməsi ilə bağlı həyat yoldaşına ucadan iradını bildirmişdir. Bu zaman digər polis əməkdaşı gələrək nə baş verdiyini soruşmuşdur. O, əsəbi olduğunu, bu səbəbdən ucadan qışqırdığını bildirmişdir. Daha sonra polis əməkdaşına bildirərək sakitləşmək üçün 1-2 dəqiqə çölə çıxmış, daha sonra inzibati binaya qayıdaraq, izahatını yazmışdır. Bildirir ki, hadisə təhqiqatçının otağında olmuş, otaqda o, təhqiqatçı və həyat yoldaşından başqa heç kəs olmamışdır. Bildirir ki, 08 iyun 2023-cü il tarixdə saat 13:00 radələrindən 09 iyun 2023-cü il tarixə saat 16:00-dək Sumqayıt ŞPİ 1-ci polis bölməsinin müvəqqəti saxlama yerində saxlanılmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu protokol və sənədlərə qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Sahə inspektoru raportda qeyd olunan hallarla bağlı hər hansı araşdırma aparmadan, şəxsin təqsirli olması ilə bağlı sübutlar toplamadan, yəni hansı ictimai qaydanı pozmasnı müəyyən etmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 08 iyun 2023-cü il tarixdə, saat 13:00-da tutulmuş, 09 iyun 2023-cü il tarixdə saat 16:00 dəqiqədə azad edilmişdir. AR İnzibati Xətalar Məcəlləsnin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması hallarından başqa azadlıqdan məhrum edilə bilməz. Həm yerli həm də beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxsin azadlıq hüququndan məhrum edilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda ola bilər. Beləliklə məhkəmə hesab edir, inzibati xətalar qanunvericiliyinin tələblərinə görə, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməsi istinad edilən şəxs 24 saatdan çox inzibati qaydada tutula bilmədiyi halda, Şəxs 24 saatdan çox (təxminən 27 saat) tutulub saxlanılmışdır. Qeyd olunan bu halllar barədə aiddiyatı üzrə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Şəxs qanunsuz olaraq tutularaq azadlıq hüququndan məhrum edilməsi ilə əlaqədar materiallar müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyatı üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar