Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1517/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746619 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-678/2021 saylı icra sənədinə əsasən borclu Şəxs qalıq 1951 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi 1951 manat aliment borcunu üzrsüz səbəbdən ödəməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-678/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər au hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat, ümumillikdə 300 (üç yüz) manat aliment tutulub X1 verilməlidir. İş icraata qəbul edildikdən sonra borcluya dəfələrlə şərait yaradılmışdır. Tələbkar tərəfindən də güzəşt olunmuşdur. Sonuncu dəfə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yerinə yönəlmə etmiş və 70% tutulma olmuşdur. Kristal Abşeronda 10 ay işləmişdir. Aliment ödənilməsindən yayınmaq üçün iş yerini tez-tez dəyişir. Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq yayınır. Keçən ay 250 manat ödəniş etmişdir. 2024-cü ilin mart ayı üçün borcu 1430 manat olmuşdur. Azalmağa doğru getməmişdir. Borcu azalsa idi, protokol tərtib olunmazdı. Borcu daha sonra 1951 manata qalxmışdır. Tələbkar ərizə ilə müraciət etmiş, şəxsi isə axtarış ilə gətirmişlər. Tələbkar da İcra İdarəsinə dəvət olunmuş, 800 manat ödənilməsini bildirmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ödəniş etməmiş, bu səbəbdən də razılıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 500 manat əmək haqqı alır. 250 manat ödəyir. Yerdə qalan məbləği isə kirayə haqqı kimi verir. İş yerindən ixtisara düşdüyü üçün ödənişləri edə bilməmişdir. Birinci günə kimi 800 manat ödənilməsi üçün tələbkardan vaxt istəmiş, o isə razı olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, bir dəfə güzəşt etmişdir ki, borcu hissə-hissə ödəsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də ödəniş etməmiş, bundan sonra isə borc yığılmışdır. Ona görə də sonuncunun birinci günə kimi borcu ödəyəcəyinə inanmır. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlini etiraf etdiyini, vaxt istədiyini, şəxsin ödənişləri ödəməkdən qəsdən yayınmadığını bildirərək, məhkəmədən şərait yaradılaraq pulun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-678/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər au hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat, ümumillikdə 300 (üç yüz) manat aliment tutulub X1 verilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənəsi üzrə ödənişləri etməmiş, həmçinin icra məmurunun çağrışları üzrə icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Hazırda onun icra sənədi üzrə indiki məzənnə üzrə 1951 manat borcu mövcuddur. Həmçinin icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında hər hansı qaydada razılıq da əldə edilməmiş, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) borcun ödənilməsini tələb edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin daha öncə barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehdən nəticə çıxarmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 iyul 2024-cü il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 iyul 2024-cü il tarixdən saat 16:40dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 6 (altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №3(060)-1517/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1517/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver