Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1519/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 20 iyun 2024-cü il tarixli, 00100-01464/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X4 bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilən 01 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 10.140.56 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxslə Rusiya Federasiyasında fəaliyyət göstərən şirkət arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 10140.56 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Həmin tarixdə 01 (bir) ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 10140.56 ABŞ dolları milli valyutaya nisbətdə 17238.96 manat təşkil edir. Valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibatı xətanın tərkib əlamətləri öz təsdiqini tapmışdır. Hazırda MMC-nin nümayəndəsi bildirir ki, valyuta vəsaiti qaytarılmışdır. Nəzərə almaq lazımdır ki, valyuta vəsaiti hazırda qaytarılmış olsa da, protokol tərtib edilən zaman elektron sistemdə vəsaitin qaytarılmaması öz əksini tapmışdır. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 10140.56 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Şəxs MMC-nin hesabına 16 aprel 2024-cü il tarixdə qaytarılmışdır. Bu hal "xxxx" ASC tərəfindən məktub və hesabdan çıxarışa əsasən öz təsdiqini tapır. Vəsait bank sistemində dollarla ifadə olunmuş, lakin müvəkkil bankda olan hesaba manatla köçürülmüşdür. Bu səbəbdən anlaşılmazlıq olmuş və bank əməkdaşı tərəfindən bizim müraciətimizdən sonra düzəliş edilmişdir. Bankda olan texniki anlaşılmazlıq səbəbindən Şəxs MMC-nin məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Hər hansı bank əməkdaşının texniki səhvi onlardan asılı olan hal deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 20 iyun 2024-cü il tarixli, 00100-01464/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilən 01 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 10.140.56 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxslə Rusiya Federasiyasında fəaliyyət göstərən şirkət arasında bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 10140.56 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Həmin tarixdə 01 (bir) ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 10140.56 ABŞ dolları milli valyutaya nisbətdə 17.238,96 manat təşkil edir. Valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibatı xətanın tərkib əlamətləri öz təsdiqini tapmışdır - "xxxx" ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO KUBİ” şirkəti tərəfindən 16 aprel 2024-cü il tarixdə Şəxs MMC-nin hesabına 17.238,96 manat pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli 6-2-32/2-110/2024 nömrəli məktubdan görünür ki, **********1844 nömrəli yük gömrük bəyannaməsi ABB müştəri xidməti departamenti tərəfindən müvafiq daxil olma üzrə elektron gömrük portalında bağlanmışdır. - **********1844 nömrəli xx.xx.2023-cü il tarixli yük gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO KYUBİ” şirkətinə 17.238,96 manat məbləğində mallar ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********1844 nömrəli xx.xx.2023-cü il tarixli yük gömrük bəyannaməsi ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO KUBİ” şirkətinə 17.238,96 manat məbləğində mallar ixrac edilmişdir. Qeyd edilən mallara görə 10.140.56 ABŞ dolları ekvivalentində 17.238,96 manat məbləğində vəsait 16 aprel 2024-cü il tarixdə Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO KUBİ” şirkəti tərəfindən Şəxs MMC-nin hesabına köçürülmüşdür. Qeyd edilən vəsaitin valyutası bank sistemində ABŞ dolları ilə qeyd edildiyi üçün vəsait köçürülən zaman anlaşılmazlıq olmuş bank tərəfindən elektron gömrük portalında bağlanmamışdır. Bu səbəbdən də Şəxs MMC barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Budan sonra Şəxs MMC-nin müraciəti üzrə yol verilmiş anlaşılmazlıq bank tərəfindən aradan qaldırılaraq **********1844 nömrəli yük gömrük bəyannaməsi üzrə daxil olma elektron gömrük portalında bağlanmışdır. Göründüyü kimi valyuta vəsaiti 180 (yüz səksən) gün ərzində, yəni qanunvericiliklə müəyyən edilmiş müddətdə Şəxs MMC-nin müvəkkil bankda olan hesabına köçürülmüşdür. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə hər hansı inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində olan hazırki iş üzrə inzibati xəta hadisəsi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-15 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1519/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1519/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver